“Qarabağ” klubların UEFA reytinqində geriləyib

Çempionlar Liqası və Avropa Liqasında IV, Konfrans Liqasında III turun oyunları klubların reytinqində dəyişikliklərə səbəb olub, Azərbaycan təmsilçisi “Qarabağ” Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) reytinqindəki mövqeyini itirib.

Globalinfo.az xəbər verir ki, Norveçdə “Budyo Qlimt”ə 1:2 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası 61-ci pillədə qərarlaşıb.

Ağdam klubunun hesabında 32,000 xal var. “Qarabağ”ın xallarının artmaması Liqa mərhələsində zəruri olan göstəriciyə çatmaması ilə bağlıdır. Belə ki, qələbəyə görə 2 xal prinsipi ilə 3 xal topladıqdan sonra hesabı artırmaq mümkündür. Bir qələbəsi olan Azərbaycan çempionu yalnız növbəti qələbə ilə aktivini zənginləşdirəcək.

Buna görə də ötən ay 58-ci yerdə qərarlaşan “Qarabağ” üç addım geriləyib. “Qalatasaray”, “Ferentsvaroş” və “Seltik” təmsilçimizi qabaqlayıb.

Amma “Qarabağ” yenə “Aston Villa”, “Yunion”, “Lion”, “Sparta”, “Viktoriya” və “Frayburq” kimi komandaları qabaqlayır.

“Neftçi” 8,000 xalla 171-ci yerdədir. Digər klublarımız – “Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 310-cu, “Qəbələ” və “Şamaxı” 3,925 xalla 323-cü yeri bölüşənlər arasındadır.

Qeyd edək ki, siyahıya 134,000 xala malik “Mançester Siti” başçılıq edir.