Putinlə Rəisi 3+3 deyir, Əliyev “Qafqaz Evi”ni təklif edir – Hansı format sülh gətirəcək?

Ötən gün Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. Telefon söhbətində Qarabağda baş verən proseslər müzakirə edilib. Həmçinin Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə arasında 3+3 məşvərət platformasının aktivləşdirilməsində qarşılıqlı maraq ifadə olunub.

Görünür, Rusiya son günlər 3+3 formatını yenidən gündəmə gətirmək, bu dəfə narazı tərəfləri də razı salmaq istəyir.

Maraqlıdır, 3+3 məşvərət platformasının aktivləşdirilməsi mümkündür? Rəsmi Moksva buna nail ola biləcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, 3+3 formatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ideyasıdır:

Elxan Şahinoğlu

“Bu çox maraqlı və diqqətçəkən bir ideyadır. Üç cənubi Qafqaz (Azərbaycan, Ermənistan, Gürcüstan) və üç də ona qonşu (Türkiyə, İran, Rusiya) ölkənin iştirakı nəzərdə tutulub. Yəni nəzəri baxımdan ideya yaxşıdır, lakin praktik baxımdan problemlər var.

Türkiyə, Azərbaycan, Rusiya, İran layihənin reallaşmasında maraqlıdır. Lakin Gürcüstan layihədə maraqlı deyil. Bunun əsas səbəbi isə Rusiyanın separatçı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması, habelə onlara dəstək verməsidir. İki ölkə arasında 2008-ci ildən bəri davam edən problemlər də Tiflisi Moskva ilə bir platformada iştirakdan soyudur.

Ermənistan da öz növbəsində 3+3 formatında iştirak etməyə isti baxmır. Hətta deyərdim, müqavimət göstərir. Məsələ ondadır ki, bu layihənin işə düşməsi üçün Ermənistan ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanısın. Əks təqdirdə platformanın işləməsi mümkün deyil. Yəni həm Gürcüstan-Rusiya münasibətlərinin tənzimlənməsi lazımdır, həm də Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmalıdır ki, bu platforma işə düşə bilsin”.

Politoloq deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Qafqaz evi” deyə daha maraqlı bir təklifi var:

“Bu layihəyə görə Cənubi Qafqaz ölkələri öz aralarında sülh, əməkdaşlıq məsələlərini həll edə, koordinasiyalı hərəkət edə bilər. Əlbəttə ki, biz ilk növbədə Ermənistanla münasibətləri normallaşdırmalıyıq.

Əslində, bu belə onu göstərir ki, 3+3 formatı kimi “Qafqaz evi” layihəsinin də işə düşməsi üçün Ermənistan-Azərbaycan arasında sülh sazişi imzalanmalıdır”.

Turan Rzayev
Globalinfo.az