Putinlə Paşinyanın qeyri-səmimi öpüşünün sirri – Xankəndidə separatçılar daha nə qədər duruş gətirəcək?

Qarabağdakı revanşistlərin Azərbaycana hədələrinin artması fonunda Xankəndi-Şuşa yolundakı humanitar aksiya davam edir.

Dekabrın 25-də Xankəndində separatçılar Rusiyanın Qarabağa göndərdiyi milyarder canişin Ruben Vardanyanın təşkilatçılığı ilə mitinq keçirdilər. Bu mitinq və Vardanyanın revanşist bəyanatları aksiyanın yönünü dəyişdirməyə hesablanmış provokasiya idi.

Qeyd edək ki, daha öncə dekabrın 17-də keçirilməsi nəzərdə tutulan mitinq ləğv edilmişdi. Buna səbəb iştirakçı sayının kifayət qədər olmaması göstərilirdi.

Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli Globalinfo.az-a bildirib ki, bunun adı sivil müharibədir:

“Maraqlı məqam budur ki, Azərbaycan sivil müharibəni öz torpağında aparır. Rusiyanın sülhməramsız qüvvələri isə bölgədə azlıq olan ermənilər vasitəsilə sivil müharibəni davam etdirir. MDB görüşündə Prezident İlham Əliyevin qarşısında fakt kimi qoymağa çalışdılar ki, bölgədə ermənilər var, onların iradələri var, onlar bölgədə gücdür, Azərbaycan bunu qəbul etməlidir və bunun üzərindən Vardanyan leqallaşmalıdır. Nəticə etibarilə də bunun müqabilində Ermənistan Rusiya tərəfindən geri qazanılmalıdır. Putinin Paşinyanı elə qucaqlayıb öpməsinin də sirri əslində budur”.

Politoloq bildirib ki, Bakının mövqeyi qətidir və aksiya iştirakçılarının tələbləri icra edilməyənə qədər bölgədə etirazlar davam edəcək:

“Humanitar aksiyanın yön və mahiyyət dəyişdirməsi hələ real görünmür. Biz artıq 16-cı günə daxil olduq. Maraqlısı budur ki, aksiya öz-özlüyündə yeni keyfiyyət dəyişikliyi yaradır. Yarım ay ərzində bölgədə Vardanyan kimi separatçı Rusiya vətəndaşlığından çıxarılıb gəlib Azərbaycana müharibə elan edir, biz bölgədə erməni əhalisinin real sayını bilmiş oluruq, onların Azərbaycana qarşı reaksiya qabiliyyətini yoxlamış oluruq, beynəlxalq havadarlarının Azərbaycana təsir imkanlarını test etmiş oluruq”.

Ekspert hesab edir ki, bölgədəki separatçı ermənilərin duruş sərgiləməyə çalışmasına cəhd var:

“Biz öz torpağımızda xidmətimizi aparırıq. Bu mənada onların daha nə qədər dözə bilmə resurslarını da test etmiş oluruq. Bu baxımdan hələ ki, prosesin davam etməsinin tərəfindəyəm. Proses davam etdikcə, Ermənistanla bölgə separatçıları arasında dərinləşən uçurum, qondarma rejimdə hakimiyyət davası, Rusiya- Ermənistan münasibətlərində çat və qeyri-səmimi öpüş, bunlar hamısı 15 günün yaratdığı reallıqdır. Məncə bu hələ davam edəcək”.

Gülnar Səlimova
Globalinfo.az