Putinin KTMT-də Bakı ilə bağlı “hiyləgər” gedişi – Politoloq

İrəvanda baş tutan KTMT sammiti Ermənistan üçün növbəti fiasko ilə nəticələndi. ­Belə ki, İrəvanın KTMT-dən Azərbaycana hərbi təzyiq göstərmək istəyi, revanşist planlarını həyata keçirmək təşəbbüsləri rədd edildi. Bunu Ermənistan Baş naziri Nikol Paşinyanın “KTMT KTŞ bəyannaməsi”ni imzalamaqdan imtina etməsi də təsdiqləyir.

Maraqlıdır, KTMT nə üçün Ermənistanı müdafiə etmir, Azərbaycanın lehinə qərarlar qəbul edir? Rəsmi Moskvanın Azərbaycana açıq şəkildə dəstək verməsinin arxasında hansı strateji planlar dayanır?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu deyib ki, KTMT təkcə bu gün deyil, 44 günlük Vətən müharibəsinin gedişində də Ermənistanın tələblərini yerinə yetirməmişdi:

“Əlbəttə ki, KTMT-nin rəsmi İrəvanın tələblərini cavabsız qoymasının obyektiv səbəbləri var. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan öz ərazisində hərbi əməliyyatlar aparırdı. İrəvan Azərbaycan Ordusunun Ermənistan ərazilərinə raket zərbələri endirdiyini iddia etsə də, KTMT buna məhəl qoymadı.

Lakin KTMT-nin Ermənistan lehinə qərarlar verməməsinin başlıca səbəbi təşkilata üzv ölkələrin əksəriyyətinin Azərbaycan ilə münasibətlərinin yüksək səviyyədə inkişaf etməsidir. Hətta mən deyərdim, bəzi üzv ölkələr Azərbaycanın strateji tərəfdaşlarıdır. Bu mənada KTMT üzvləri Ermənistana görə Azərbaycanla münasibətləri pozacaq qərarlar vermək istəmir.

Bu gün Rusiya ilə münasibətlər soyuqlaşsa belə, deyə bilərəm ki, rəsmi Moskva Bakıya daha çox dəyər verir”.

Politoloqun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin KTMT daxilində Azərbaycan əleyhinə qərarlar qəbul edə bilmir:

“Çünki Putin Azərbaycan əleyhinə qərar qəbul etsə belə, bu qərarın KTMT üzvləri tərəfindən dəstəklənməyəcəyini bilir. Buna görə də bir çox hallarda ya Azərbaycan əleyhinə qərara əvvəldən razı olmur, ya da digər üzvlərin qərarından sonra fikir bildirir.

Əlbəttə ki, indiki məqamda KTMT-nin Azərbaycan əleyhinə qərar qəbul edə bilməməsi rəsmi Bakının maraqlarına uyğundur. Bu həm də diplomatik sferada Bakının üstünlüyünü göstərir”.

Turan Rzayev
Globalinfo.az