Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya son dövrlərdə həm hərbi, həm də informasiya müstəvisində zərbələrini Ukraynanın raket istehsalı ilə məşğul olan müəssisələrinə yönəldib.
Globalinfo.az xəbər verir ki, prezidentin sözlərinə görə, o, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Oleq İvaşçenkonun məruzəsini dinləyib.
Hesabatda Rusiyanın raket istehsalı imkanları, istehsal həcmləri, uçuş məsafələri və xarici ölkələrdən əldə olunan vacib komponentlərin tədarük marşrutları barədə məlumat verilib.
Zelenski sosial şəbəkə hesabında bildirib ki, raket texnologiyalarının inkişafında mühüm irəliləyiş əldə edən Ukrayna şirkətləri Rusiyanın növbəti hücumları üçün əsas hədəflər sırasına daxil edilib.
“Biz bilirik ki, raket texnologiyalarının inkişafında uğur qazanan Ukrayna müəssisələri Rusiyanın gələcək zərbələri üçün prioritet hədəf kimi müəyyənləşdirilib. Bu, təkcə hərbi deyil, həm də siyasi və təbliğat xarakterli məqsədlər daşıyır”, – deyə Zelenski vurğulayıb.
Ukrayna lideri əlavə edib ki, Moskva Kiyevin öz ballistik raket sistemlərini istehsal etmək və raket əleyhinə müdafiə vasitələrinin istehsalını lokallaşdırmaq imkanlarını strateji təhlükə kimi qiymətləndirir.
“Rusiya Ukraynanın bu sahədəki potensialını özünə təhdid hesab edir. Biz buna mütləq cavab verəcəyik”, – deyə Zelenski vurğulayıb.
Əliyar Xəlil