download 1

Dekabrın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Floridanın Palm-Biç şəhərində yerləşən Mar-e-Laqo iqamətgahında bir araya gəlib. Tərəflər sülh planı üzrə aktiv danışıqlar aparıblar.

Trampın müharibəyə dair əvvəlki skeptik yanaşması, Zelenskinin isə təhlükəsizlik və dəstək tələbləri fonunda bu görüş hansı real nəticələri vəd edir?

Globalinfo.az-a danışan siyasi şərhçi Elnur Ənvəroğlu deyib ki, Trampla Zelenski arasında baş tutan görüşün iki əsas məqsədi olub:

“İlk olaraq məqsəd Ukrayna və ABŞ arasında mövcud olan 20 maddəlik sazişin praktik imkanlarını müzakirə etmək idi. Həmin maddələrdə Ukraynanın bərpa prosesi ilə yanaşı, NATO-ya üzvlüyünə dair məsələlər də yer alır. Bu sənəddə razılaşdırılmayan yeganə mövzu Rusiya ilə bağlıdır. Xüsusilə 14-cü bənddə Ukraynanın müəyyən əraziləri güzəştə getməsi məsələsi müzakirə olunur. Tramp jurnalistin bu mövzu ilə bağlı sualına cavabında deyib ki, o, Rusiya Prezidenti Vladimir Putinin adından danışa bilməz. Məsələyə yalnız Putinin özü cavab verə bilər. Bu prosesin uzun müddət davam etməsi də mümkündür.

Sənədin 16-cı bəndində isə Xerson yaxınlığındakı limanlarla bağlı məsələ diqqət çəkir. Rusiya həmin ərazilərdə hərbisizləşməyə razılıq verməyəcək, çünki bu bölgələr üzərində güclü nəzarətə malikdir. Qara dənizə çıxış və azad iqtisadi zona məsələsində də Moskvanın güzəştə gedəcəyi gözlənilmir. Sözügedən ərazilər Kreml üçün strateji əhəmiyyət daşıyır və onlardan imtina edilməsi olduqca çətindir. Rusiya hələ Osmanlı İmperiyası ilə müharibələr dövründən bu yana Krım və Xerson ətrafındakı əraziləri xüsusi nəzarətdə saxlayır”.

elnur enveroglu
Elnur Ənvəroğlu

Siyasi şərhçi bildirib ki, digər əsas məsələ Donbasla bağlıdır:

“Bu bölgənin sənaye ərazisi olması Rusiyanın oradan geri çəkilməsini faktiki olaraq mümkünsüz edir. Məhz Donbas müharibənin başlanğıc nöqtəsi olub. Hazırda Rusiya bu ərazilərdə ilişib qalıb və irəliləyə bilmir. Daha irəli gedəcəyi təqdirdə NATO qüvvələri ilə birbaşa qarşıdurma riski yaranar ki, Moskva bunu istəmir. Pərdəarxası Qərb və Rusiya arasında qarşıdurma getsə də, real müharibə Ukrayna üzərindən aparılır. Bu səbəbdən Rusiya müəyyən çərçivədən kənara çıxmır.

Görüş formal xarakter daşıyır və müharibənin hələ uzun müddət davam edəcəyi gözlənilir. Bu prosesdə Donald Tramp daha çox öz siyasi maraqlarını güdür. Nəticə etibarilə vəziyyət ABŞ və Tramp üçün daha əlverişli görünür. Rusiya isə hələlik danışıqlara qoşulmur və bu müddət ərzində hərbi əməliyyatlarını davam etdirir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: