Putin hakimiyyətdən getsə, nələr dəyişəcək?

Putinin 2024-cü ilin mart ayında keçiriləcək seçkilərə qatılıb-qatılmayacağı müzakirə edilir.

Bəs Azərbaycana Putinin davam etməsi sərfəlidir, yoxsa hakimiyyətdən getməsi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiyada prezident seçkiləri regionda və beynəlxalq müstəvidə xüsusi əhəmiyyət daşıyır:

“Rusiya-Ukrayna müharibəsi fonunda kimin prezident seçiləcəyi və onun hansı addımları atacağı maraq doğurur. Müharibənin taleyi də seçilən prezidentdən asılıdır.

Rəsmi Moskvanın Cənubi Qafqaza təsiri var, bu baxımdan oradakı liderin kim olması ölkəmizi də maraqlandırır. Rusiya 30 ildir Ermənistan vasitəsilə Azərbaycana qarşı vəkalət müharibəsi aparırdı. Rəsmi Bakı isə öz ərazi bütövlüyünü bərpa edərək Qarabağda vəkalət müharibəsinə son qoyub”.

Politoloqun fikrincə, Azərbaycan Rusiya ilə qarşılıqlı münasibətlərin inkişafında maraqlıdır:

“Vladimir Putinin hakimiyyəti dövründə Azərbaycan və Rusiya münasibətlərində ciddi böhran olmadı. Düşünürəm, bundan sonra da iki ölkə arasında problem yaranmayacaq. Rusiya Azərbaycanla münasibətlərdə maraqlıdır”.

Safura Bənnayeva
Globalinfo.az