“Putin Ərdoğanın bu jestini unutmayacaq” – Politoloq

“Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında keçirəcəyi quru əməliyyatlarının ilk hədəfinin Ayn Əl-Ərəb, Menbiç və Tel-Rıfat olacağı gözlənilir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, ABŞ və Rusiya PKK/YPG terror təşkilatına sərhəd xəttindən 30 kilometr məsafədə geri çəkilməsi üçün təzyiqləri artırıb:

“Tel-Rıfat strateji əhəmiyyətə malik ərazidir. Ona görə də ilkin hədəf kimi nəzərdə tutulub. İddialara görə, məsələ ilə bağlı ərazidəki Rusiyanın hərbi nümayəndələri ilə məsləhətləşmələr aparılır”.

Ekspertin sözlərinə görə, antiterror əməliyyatlarının davam etməsi qardaş ölkə üçün bir neçə cəhətdən əhəmiyyətlidir:

“Birincisi, Türkiyə bu yolla təhlükəsizlik zolağını təmin etmiş olacaq.

İkincisi, Rusiya və ABŞ-yə öz sözünü deyəcək. Göstəriləcək ki, Türkiyə həmin dövlətlər olmadan da öz maraqlarını təmin edə bilir.

Üçüncüsü, İstanbulun Taksim meydanında törədilmiş terror aktının qisası alınacaq.

Dördüncüsü, bütün bunların nəticəsində prezident seçkiləri ərəfəsində AKP iqtidarı xal qazanacaq. Beləkliklə, böyük ehtimalla antiterror əməliyyatları davam edəcək və miqyası daha da genişlənəcək”.

K.Novruzovun sözlərinə görə, Ankaranın terrorçuları zərərsizləşdirməklə bağlı qətiyyəti Moskva və Vaşinqtonun maraqlarına uyğun deyil:

“Bu mənada ABŞ Türkiyəyə təzyiqlərin artırılmasına çalışa bilər. Həmçinin Moskva-Ankara münasibətlərində də müəyyən ziddiyyətin yaranması mümkündür. Amma Ukraynadakı müharibədə Türkiyə neytral mövqe ortaya qoyan nadir Avropa, yeganə NATO ölkəsidir. Ərdoğan zaman-zaman Rusiyaya bəraət qazandırmağa çalışıb. Bundan başqa, tərəflərin mövqeləri Cənubi Qafqaz məsələsində də toqquşur. Bu isə o deməkdir ki, Rusiya Türkiyənin qarşısında gözükölgəlidir. Bu mənada Suriya və İraqdakı əməliyyatlarla əlaqədar Moskvanın Ankaraya reaksiya göstərəcəyini düşünmürəm. Onu da nəzərə almaq lazımdır ki, Rusiya ilə ABŞ arasında “bütün körpülər yanıb”. Odur ki, indi Moskva Vaşinqtonla eyni cəbhədə dayanmaz.

Sözsüz, Türkiyənin antiterror əməliyyatlarını davam etdirməsi asan başa gəlməyəcək. Rəsmi Ankara təzyiqlər artacaq. Həmçinin daxildəki müxalifət də bu məsələyə don geyindirməyə çalışacaq. Amma qardaş ölkə konkret mövqe ortaya qoyacaq”.

Turan Rzayev
Globalinfo.az