Professordan şok: “Bir çox ərəb ölkələri ASALA-ya dəstək verib, əsasən də Fələstin”

Son günlər sosial şəbəkələrdə ASALA terror təşkilatının yaranmasında bəzi ərəb ölkələrinin dəstəyinin olması barədə iddialar səslənir. Bu iddialardan ən diqqətçəkəni isə şübhəsiz ki, Fələstinin ASALA ilə əlaqəsinin olmasıdır.

Maraqlıdır, bu iddia nə qədər doğrudur? ASALA-ya hansı ərəb ölkələri dəstək olub? Fələstin-ASALA münasibətləri haqda iddiaların əsası varmı?

Qabil Hüseynli 

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Yaxın Şərqdəki digər radikal silahlı terror qrupları kimi ASALA-ya da regionda maraqlı olan qüvvələr dəstək verib, hər cür yardım edilib:

“Söhbət təkcə hansısa ərəb ölkəsindən getmir. ASALA terror təşkilatı keçən əsrin ən tanınan və ən çox rəğbət görən terror təşkilatı idi. İcra etdikləri siyasi qətllər, sui-qəsdlər və bu kimi bir çox insident təşkilatın nüfuzunu günbəgün artırırdı. Təbii ki, bir çox ölkə də bu təşkilatın ayaqda qalmasında maraqlı idi.

Təbii ki, bir çox ərəb ölkəsi də ASALA terror təşkilatına maliyyə, silah yardımı edib. Xüsusilə burada körfəz ölkələrini misal gətirmək olar. Fələstinə gəldikdə isə ASALA ilə Fələstin arasında əlaqələr olub. Lakin Fələstin müstəqillik hərəkatı zamanı daha çox ASALA bu ölkəyə yardım edib. Əvəzində isə bir çox ASALA rəhbəri Fələstində rahatlıqla yaşaya bilib”.

Qabil Hüseynlinin sözlərinə görə, HƏMAS qruplaşması və ASALA terror təşkilatının təmasları daha sıxdır:

“Yaxın Şərqdə ortaq hərbi baza təlim mərkəzlərinin olduğuna dair bir çox informasiya vardı. Bu gün ASALA terror təşkilatı olmasa da onu diriltmək istəyən qüvvələrin sayı az deyil. Bir necə dəfə buna cəhd olunsa da Türkiyə kəşfiyyatı məsələyə qarışıb və icazə verməyib. Nəticə etibarilə ASALA-nın bu gün yenidən fəaliyyət göstərmə ehtimalı çox azdır”.

Turan Rzayev
Globalinfo.az