Bu gün İlham Əliyevin Sərəncamı ilə Prezidentin mətbuat katibi təyin edilən Orxan Rəcəb oğlu Səttarov bundan əvvəl Prezident Administrasiyasında müxtəlif vəzifələr tutub.
Globalinfo.az xəbər verir ki, Orxan Səttarov 2019-cu ildən Prezident Administrasiyasında çalışaraq, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri vəzifəsini tutub.
Prezidentin mətbuat katibi təyin edilənə qədər o, Administrasiyanın Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsini icra edib.
***14:43
Orxan Rəcəb oğlu Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Globalinfo.az “Yeni Sabah”a istinadən Orxan Səttarovun tərcümeyi-halını təqdim edir:
Orxan Səttarov Azərbaycanın media və ictimaiyyətlə əlaqələr sahəsində tanınmış simalarından biridir.
Onun peşəkar karyerasının mühüm hissəsi “Vestnik Kavkaza” (Qafqazın xəbərçisi) informasiya-analitik agentliyi ilə bağlıdır. O, bu qurumun Azərbaycan bürosunun rəhbəri kimi fəaliyyət göstərərək, ölkənin daxili və xarici siyasəti, iqtisadi inkişafı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı məqalə və təhlillərin müəllifi olub.
O. Səttarovun yazıları və şərhləri tez-tez həm yerli, həm də xarici nüfuzlu media resurslarında yayımlanır və o, ekspert kimi siyasi gündəmi mütəmadi olaraq şərh edir.
Jurnalistika fəaliyyəti ilə yanaşı, Orxan Səttarov həm də dövlət sektorunda və strateji kommunikasiya sahəsində təcrübəyə malikdir. O, bir müddət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində olan müvafiq qurumlarda ictimaiyyətlə əlaqələr və mətbuat xidməti istiqamətində məsul vəzifələrdə çalışıb. Bu dövrdə onun fəaliyyəti dövlətin iqtisadi islahatlarının mediada düzgün təqdim olunması və ictimaiyyətin məlumatlandırılması işini əhatə edib.
Orxan Səttarov Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarovun qardaşıdır.
Xatırladaq ki, Azərbaycan Prezidentinin bundan əvvəlki Mətbuat katibi Azər Qasımlı idi. O, 2025-ci il fevralın 17-də vəzifəsindən azad edilib.