Prezidentin çıxışındakı önəmli məqamlar – Ermənilərə vacib mesajlar var

“Prezidentin xalqa müraciəti ümumi mənada 44 günlük müharibə zamanı etdiyi çıxışların davamı idi. Hansı ki, o çıxışlarda qeyd edilən bir çox məqam dünənki çıxışda da qeyd edildi”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Qabil Hüseynli

Onun sözlərinə görə, ölkə başçısı kifayət qədər ciddi məqamlara toxundu:

“Azərbaycan Silahlı Qüvvələrin başlatdığı lokal antiterror əməliyyatları gözlənildiyi kimi uğurla yekunlaşdı. Ümumiyyətlə, bu əməliyyatların başlaması labüd idi. Belə ki, erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşı – onlardan ikisi mülki şəxsdir – mina terrorunun qurbanı oldu.

Prezidentin də dediyi kimi, İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur, ya da ki, ağır yaralanmışdır. Hesab edirəm, İkinci Qarabağ müharibəsində yarımçıq qalan missiya bu əməliyyatlar ilə tamamlandı. Əslində prezidentin çıxışında da buna eyham vuruldu. Xankəndi, Xocalı, Xocavənd artıq Azərbaycan yuridiksiyasında olacaq.

Prezidentin çıxışı göstərir ki, Azərbaycan ermənilərin narahatlığını başa düşür və bu istiqamətdə onlara dil, din, mədəniyyət azadlığı veriləcək. Onsuz da bütün bunlar Azərbaycan konstitusiyasında bütün milli azlıqlara verilən haqlardır. Ermənilər də bu haqlardan faydalanacaq”.

Politoloq bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanması üçün real imkan var:

“Prezidentin çıxışında diqqətçəkən bir məqam onun Ermənistanla sülh müqaviləsi istiqamətində pozitiv mesajlar verməsidir. “Ermənistan bu dövr ərzində – dünən, bu gün deyə bilərəm ki, gözlənilmədən siyasi səriştə göstərib və biz bunu qiymətləndiririk. Bunu önəmli amil kimi görürük və hesab edirəm ki, dünən və bu gün baş vermiş hadisələr, eyni zamanda Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcək.

Qarabağ məsələsi həll edildiyinə görə Ermənistanla sülh müqaviləsi imzalanması daha real görünür. Ümumiyyətlə, proses onu deməyə əsas verir ki, Bakı danışıqlarda maraqlıdır. Ermənistan tərəfinin də pozitiv siqnal verməsi Brüssel danışıqlarının davam edəcəyini göstərir.

Regionda sülhün əldə edilməsi istiqamətində ən önəmli maneə Qarabağ məsələsi idi. Hesab edirəm, bu məsələ böyük ölçüdə həll edilib. Ermənistan indiki məqamda Azərbaycan ərazi bütövlüyünü tanımalı, bunu təsdiqləyən sənədə qol çəkməlidir”.

Turan Rzayev
Globalinfo.az