Prezident Şərqi Zəngəzurla bağlı iki sənəd imzaladı

Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nizamnamə fondu 500 min manat olacaq.

Globalinfo.az bu barədə qurumun nizamnaməsinə istinadən xəbər verir.

Məlumata görə, Xidmətin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

Xidmət öz əmlakından yalnız Nizamnaməsində müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Xidmət balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” ölkə prezidentinin 6 iyun 2007-ci il tarixli fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

Xidmət qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Xidmətin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

Xidmətin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız ölkə prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.

Xidmətin Nazirlər Kabinetinin müəyyən etdiyi qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında nəzərdə tutulmuş mallarının (işlərinin, xidmətlərinin) qiymətləri tənzimlənən qiymətlərə aiddir.

X X X

“Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Məsim Məmmədov – Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Müşahidə Şurasının üzvləri

Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini

Sarvan Cəfərov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.

X X X

Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılır.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Eyni zamanda sənədlə Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi təsdiq edilib.