Ordumuz məhv etdi, murdarlar hərəkətə keçdi…

“2020-ci ildə 44 günlük Vətən savaşındakı qələbəmizin miqyasını “rus sülhməramlıları” mövzusu ilə kiçiltməyə və xüsusən də bu savaşa birbaşa rəhbərlik etmiş Ali Baş Komandan İlham Əliyevin uğurlarını ictimai rəydə gözdən salmağa çalışan antimilli şəbəkə yenə də murdar xislətlərinə uyğun qaydada iş başındadır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü deyib.

O bildirib ki, “dövrümüzün müaviyələri” və onların “kiberordu”ları bu əməliyyatların əhəmiyyətini kiçiltməyə və xalqda qəzəb, etiraz hissi yaratmağa çalışırlar:

“Bu adamları Vətənimizin bütövlüyü və təhlükəsizliyi üçün canını qurban etmiş şəhidlərimiz, əsgərlərimizin taleyi, onların valideynlərinin halı qətiyyən düşündürmür! 3 il əvvəl olduğu kimi, indi də böyük kin, nifrət və qəzəb hissi ilə “Bu qədər şəhid verməyə dəyməzdi”, “Rus sülhməramlıları Xankəndidə qalacaqlarsa, qələbəmiz tam deyil” tezislərinə söykənmələri, əllərində bayraq etmələri də yalnız siyasi bəhanələrdir!

Gerçəkliksə budur ki, onlar ölkəmizin bağrında kök ataraq, genişlənə-genişlənə gedən 195 illik “erməni şişi”ni birdəfəlik kəsib atmağı, millətimizi bu bəladan xilas etməyi və bununla da adını Azərbaycanın şərəf və qürur tarixinin ən parlaq və ön səhifəsinə yazmağı bacarmış Prezident İlham Əliyevi daha heç vaxt yıxa bilməyəcəklərinin, siyasət meydanında ona əbədi məğlub olduqlarının artıq fərqindədirlər!”

Elxan Şükürlü

Politoloqun sözlərinə görə, həyat sübut edir ki, məğlubiyyəti qəbul və həzm etmək də insandan ləyaqət, nəcabət və şərafət tələb edir:

“Ayıq olun, dostlar, siyasi iddiası və şəxsi maraqları naminə ölkəsinin məğlubiyyətini istəyən uğursuzların və içimizdəki xainlərin tələsinə düşməyin! Əmin olun ki, bu kritik dönəmlərdə tutduğu mövqeyə görə bir gün hər kəs bu xalq və dövlət qarşısında mütləq cavab verəcək!”

Zaira Akifqızı
Globalinfo.az