
“Qərbin Azərbaycan üzərinə hücumu yeni reallıqlardan irəli gələn yanaşma deyil. Bu, uzun illərdir Azərbaycanın ərazi bütövlüyünü hədəf alaraq aparılan gizli siyasi kursun demarş xarakterli bəyanı olaraq dəyərləndirilə bilər”.
Bu sözləri Globalinfo.az-a politoloq Aytən Qurbanova Qərb və ABŞ-ın Azərbaycan əleyhinə apardığı antitəbliğatı və göstərdikləri təzyiqi şərh edərkən deyib.
Onun sözlərinə görə, keçmiş ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq regiona sülh və sabitlik gətirmək missiyası daşıdığı halda nə ABŞ, nə də Fransa qismində Avropanın bəzi siyasi dairələri heç vaxt Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını dəstəkləyəcək real addımların təşəbbüskarı olmayıblar:
“Belə olan halda bu gün Vaşinqton və ya Brüsseldə yaradılan danışıqlar platforması xoş niyyətin təcəssümü olaraq dəyərləndirilə bilərmi?! Əgər “sülh danışıqları” masası anti-Azərbaycan platformasına çevrilərək açıq şəkildə qərəzli bəyanatlar səsləndirilirsə, onda həmin danışıqlarda iştirak etmək bizə hansı şərtlərdə sülh vəd edir?!
İlkin olaraq onu qeyd etmək lazımdır ki, bizim üçün sülhün beş şərti var və bunlar ilk gün təqdim olunduğu çərçivədə dəyişməz olaraq qalır. Ermənistan bu beş prinsipi istisnasız olaraq qəbul etdiyi halda heç bir vasitəçi olmadan da biz sülhə nail ola bilərik. Nəticə etibarilə ABŞ-ın və ümumilikdə birləşmiş Qərbin bu istiqamətdə hər hansı bir təsir və ya təzyiq mexanizmi yoxdur, ola da bilməz. Yəni həqiqətən də Azərbaycana qarşı hər hansı yeni “sanksiyanın” qəbul edilməsinin heç bir hüquqi əsasının olmadığını və qərəzli bəyanatların bizim üçün sadəcə dəyərsiz kağız parçası olaraq qaldığını görən birləşmiş Qərb indi də 907-ci düzəlişin dondurulmasını qadağan edən S3000 qanun layihəsini qəbul etməklə və ya yüksək səviyyəli görüşləri ləğv etməklə Azərbaycanın qətiyyətli mövqeyinə təsir edə biləcəyini düşünür?!

Aytən Qurbanova
Artıq verilən rəsmi cavablar bir daha sübut edir ki, bu “təhdid” ritorikası bizim üçün heç nə ifadə etmir və adekvat şəkildə biz də eyni addımları ataraq belə bir şəraitdə rəsmi görüşlərin ləğv edilməsini məqbul hesab edirik. Digər tərəfdən, bu anti-Azərbaycan çıxışlarının arxasında dayanan əsas məqsədlərdən biri də heç şübhəsiz ki, Rusiyanın Ermənistan üzərində təsir imkanlarını zəiflədərək regiona nüfuz etmək niyyətləridir. Ermənistanın hərbiləşdirilməsi və bütün platformalarda Paşinyan administrasiyasına verilən dəstək bir daha sübut edir ki, Qərbin regionla bağlı planlarında bugün üçün prioritet istiqamət yeni münaqişə ocağı yaratmaqla Cənubi Qafqazda hərbi mövcudluğu üçün “legitim” əsaslar formalaşdırmaqdır. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Azərbaycanın bütün ədalətsiz yanaşmalara münasibətdə kifayət qədər təmkinli və beynəlxalq hüquqa əsaslanan cavab addımları da onları aqressivləşdirən və bütün məkrli ssenariləri uğursuz edən əsas məqamdır”.
Turan Rzayev
Globalinfo.az