“Plan hazırlanır: İslam ordusu İrana girə bilər, Güney Azərbaycan isə…”

“İranda davam edən etiraz aksiyalarının növbəti mərhələdə silahlı qarşıdurmaya keçəcəyi istisna deyil. Tehran rejimi davam edən etiraz aksiyalarının qarşısını almaq üçün güc tətbiq etsə də, bunun müsbət nəticə verməsi gözlənilmir”.

Globalinfo.az bildirir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə İranda baş verən etiraz aksiyalarının hazırkı vəziyyətini şərh edərkən deyib.

Onun sözlərinə görə, İranda rejimin dəyişdirilməsi yeni geosiyasi nizamın tələbidir:

“İran Yaxın Şərqdə qeyri-sabitliyin davam etməsinin, regionda proksi müharibənin aparılmasının bədəlini ödəyəcək. İsrail, ABŞ və Böyük Britaniya İranın daxilindəki etirazların silahlı qarşıdurmaya çevrilməsi və nəticədə rejimin devrilməsi istiqamətində prosesləri aparacaq. İrana qarşı preventiv hərbi zərbələr mümkündür. İsrailin İranın hərbi obyektlərinə qarşı hava əməliyyatı keçirməsi üçün ABŞ razılığı lazımdır. İsraillə ABŞ arasında intensiv danışıqlar gedir.

İran artıq Qərbin hədəfindədir və rejimin dəyişdirilməsi bir nömrəli strateji prioritetdir. Əgər İranın daxilində silahlı qarşıdurma və bu ölkəyə qarşı hava əməliyyatları reallaşarsa, Güney Azərbaycanla bağlı planımız olmalıdır. Qərb İranın parçalanmasını deyil, rejimin devrilməsini hədəfləyib. İranın federallaşdırılması da planda yer alır. Burada Güney Azərbaycan üçün üstünlüklər və risklər dəyərləndirilməli, hər şey ona uyğun idarə edilməlidir. Növbəti ildən İran açıq hədəfdə olacaq. İsraillə Azərbaycan arasında hərbi müstəvidə ciddi yaxınlaşma var. Çünki İran Azərbaycanı hədəf seçib. Müdafiə imkanlarımız yüksək səviyyədə saxlanılmalıdır.

İran daxilində kürd və bəlluclar vasitəsilə silahlı qarşıdurmaya gedilə bilər. Hətta Taliban Əfqanıstanının İranın sərhədləri daxilinə hücumu mümkündür”.

Turan Rzayev

Globalinfo.az