Pelosinin Ermənistana səfəri ABŞ-n tarazlıq siyasətinə kölgə salır – RƏY

ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri ABŞ-n Cənubi Qafqazda tarazlıq siyasətinə və sülh istiqamətində əməkdaşlıq səylərinə kölgə salır.

Globalinfo.az bildirir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat vurğulayıb ki, bu, məsələnin yalnız bir tərəfidir: “Bu azmış kimi, Nensi Pelosi üstəlik Azərbaycanın ünvanına qeyri-obyektiv və əsassız ittihamlar da səsləndirir. Onun açıqlamalarından aydın olur ki, Pelosinin region və ermənilərin son təxribatı haqqında məlumatları birtərəflidir və erməni təbliğatının təsiri altında formalaşıb.

Əslində 85 yaşlı siyasətçinin qondarma erməni soyqırımı haqqında səsləndirdiyi fikirləri də nəzərə alsaq aydın olar ki, Pelosi Ermənistana səfərini həm də özünün seçkiqabağı təbliğat kampaniyasının tərkib hissəsi kimi görür. Çünki yaxın zamanlarda Nümayəndələr Palatasına aralıq seçkiləri keçiriləcək və yeni tərkibdə formalaşan heyətə spiker seçilən zaman ermənipərəst nümayəndələrdən səs almaq lazım olacaq.

Görünür bu səslər Pelosinin yenidən spiker olması üçün çox vacibdir. Ona görə də Pelosi Ermənistanda ərazi bütövlüyü, insan hüquqları haqqında danışan zaman hesab edir ki, ermənilərin rəğbətini qazana bilər, bu rəğbət ona ABŞ-da yaşayan erməni lobbisinin səsi və dəstəyi kimi dönər. Ancaq N.Pelosi üçün doğrudan da insan hüquqları, demokratiya, ərazi bütövlüyü prinsipi belə qiymətli dəyərli idisə, nəyə görə iki il əvvəl Azərbaycana səfər edib ərazi bütövlüyünün vacibliyi haqqında Ermənistana mesaj vermədi? Bir milyon qaçqın və məcburi köçkünün hüququndan danışmadı?”.

“Əgər ərazi bütövlüyü məsələsi prinsipial idisə, nəyə görə vətəndaşı olduğu ölkə ABŞ-ın Çini vahid Çin olaraq tanıdığı halda bir müddət öncə Tayvana səfər edərək dövlətinin rəsmi siyasətini etibarsızlaşdırdı. Göründüyü kimi, məsələ ərazi bütövlüyü deyil. Azərbaycan da heç bir ölkənin ərazi bütövlüyünə təcavüz etməyib. Əgər iki ölkə arasında sərhədlər hələ delimitasiya edilməyibsə, görəsən Pelosi kimin təcavüzkar olduğunu necə müəyyən edib.

Ona görə də Azərbaycanın ünvanına səsləndirilən fikirlərin heç bir obyektiv əsası yoxdur və biz belə əsasız fikirləri qətiyyətlə qınayırıq”, – deputat vurğulayıb.