Ermənistan Baş naziri Nikol Paşinyanın sonuncu mətbuat konfransında dediyi fikirlər müzakirələrə səbəb olub. O, Xankəndi ermənilərinin rəsmi Bakı ilə danışıqlara getməli olduğunu deyib.
Maraqlıdır, Paşinyanın bu bəyanatından sonra vəziyyət dəyişəcəkmi? Ermənistan rəhbərliyi Qarabağ ermənilərinin yükündən azad olmaq istəyir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Xəyal Bəşirov deyib ki, Azərbaycanın bu məsələdə mövqeyi bəllidir:
Xəyal Bəşirov
“Bu mövqe həm 44 günlük müharibə sonrası imzalanan 10 noyabr bəyanatında, həm də digər razılaşmalarda öz əksini tapıb. Bundan başqa Prezident İlham Əliyev çıxışları zamanı dəfələrlə bildirib ki, Azərbaycanda yaşayan ermənilərin reinteqrasiya prosesinin, hüquq və azadlıqlarının sülh prosesinin gündəliyinə heç bir aidiyyəti yoxdur.
Azərbaycan bu məsələni özünü daxili məsələsi hesab edir. Bu ilin mart ayında Xocalıda bir görüşün şahidi olduq. Təəssüf ki, bu görüşlərin ardı gəlmədi. Separatçılar açıq-aşkar bu gün prosesə mane olmağa çalışır. Lakin rəsmi Bakının mövqeyi əvvəldən bəri dəyişməzdir. Biz Qarabağda heç bir rejimin, subyektin varlığını qəbul etmirik”.
Politoloq hesab edir ki, Bakı separatçılar ilə danışıqlara getməyəcək:
“Təbii ki, bunu anlayan və başa düşən cinayətkarlar çabalar göstərirlər ki, bizə təzyiq göstərsinlər. Lakin bütün bunların heç bir nəticəsi yoxdur. Paşinyanın son açıqlamalarından, çıxışlarından görünür ki, o da reallığı başa düşür. Paşinyan yaxşı bilir ki, Azərbaycan güzəştə getməyəcək.
Misal üçün, bundan öncə o, Azərbaycan ərazi bütövlüyünü 1991-ci il Alma-Atı bəyannaməsi və BMT nizamnamələri çərçivəsində tanıdığını elan etdi. Daha sonra da çıxışlarında açıq-aşkar Azərbaycan ərazi bütövlüyünü tanıdığını dedi.
Artıq Azərbaycan ərazisini tanıyan Paşinyan ötəngünkü çıxışda dedi ki, dünyada elə bir ölkə yoxdur ki, Azərbaycanın ərazi bütövlüyünü tanımasın. Yəni o, bu reallığı dərk edir və Qarabağı Azərbaycan ərazisi olaraq tanıyır”.
Turan Rzayev
Globalinfo.az