Paşinyanın Qarabağ planı: Sülh müqaviləsini gizli imzalayır, sonra isə…

“Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyacaq”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” qəzeti çıxış edib.

Qəzet hökumətin Qarabağla bağlı yeni planı olduğunu, buna görə də vəziyyətin eskalasiyasına çalışdığını bildirib:

“Qarabağdakı soydaşlarımızın fikrincə, Paşinyan Ermənistanla sonuncu yolu bağlamaqla əhalinin Xankəndidən İrəvana axın edəcəyi düşüncəsini ortadan qaldırmağa çalışır. O bu şəkildə sülh müqaviləsini daha rahat imzalaya biləcəyini hesab edir. Yəni müqavilənin imzalanmasından bir müddət sonra yol açılacaq və məhdud sayda insanın ölkəyə girişinə icazə veriləcək. O vaxta qədər isə Qarabağdan emiqrasiya edənlər üçün sosial proqramlar reallaşdırılacaq ki, qarabağlıların qəzəbini yüngülləşdirmək mümkün olsun.

Bəs niyə bütün bunlarda Rusiya da iştirak edir? Axı Qarabağda baş verən bu durum Rusiya kontingentinin Cənubi Qafqazdan çıxması anlamına gələcək? Biz bu suala “əgər iki tərəf qarşı deyilsə, üçüncü tərəf buna razılaşmalı olacaq” cavabını aldıq”, – qəzetin məqaləsində yazılıb.

İlkin Həsənov
Globalinfo.az