“Paşinyanın “Laçın yolu” məkri: əsas məqsəd budur” – Politoloq

“Paşinyanın son çıxışı riyakarlıqdan başqa bir şey deyil. O, az qala, hər çıxışında Azərbaycanı beynəlxalq hüququ pozmaqda ittiham edir. Halbuki Ermənistanın 30 il ərzində Azərbaycana qarşı həyata keçirdiyi təcavüz, işğal siyasəti, yüz minlərlə azərbaycanlının fundamental haqlarının kobudcasına pozulması beynəlxalq hüququn heçə sayılmasıdır”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli Ermənistan Baş naziri Nikol Paşinyanın hökumətin son iclasında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidentinin Şuşada 8 noyabr tarixli çıxışını təhrif etmək və sanki Azərbaycanın öz öhdəliklərini yerinə yetirmədiyi təəssüratını yaratmaq cəhdini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə beynəlxalq aləmdə tanınmış ərazilərini işğalçı qüvvələrdən azad edib və ərazi bütövlüyünü bərpa edib:

“Yəni rəsmi Bakı üçün beynəlxalq hüquq hər zaman prioritet olub və bu, indi də belədir. Ermənistan isə şəxsən Baş nazir N.Paşinyan tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı, o cümlədən bəyanatın 4-cü, 6-cı və 9-cu bəndlərini hələ də yerinə yetirməkdən boyun qaçırır.

Digər tərəfdən, Ermənistan üçtərəfli bəyanata zidd olaraq hələ də bölgə üçün təhdid törətməkdə davam edən qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb. Bu da azmış kimi, vaxtaşırı təxribatların törədildiyinin də şahidi oluruq. Bu mənada müxtəlif hərbi təxribatlara Azərbaycanın verdiyi adekvat cavablar qanunidir”.

Politoloqun sözlərinə görə, Ermənistan üçtərəfli bəyanatın 9-cu bəndi ilə üzərinə götürdüyü öhdəliyi pozaraq, Azərbaycanın qərb bölgələrinin Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyalarının açılması prosesini yubadır:

“Ermənistan Naxçıvanı blokada şəraitində saxlamaq siyasətini 27 ildir davam etdirir. İki il keçməsinə baxmayaraq, Zəngəzur dəhlizi açılmır. Lakin Azərbaycan yeni Laçın yolunu çəkməklə öz öhdəliyini dürüst şəkildə yerinə yetirdi.

Rəsmi Bakının konstruktiv yanaşmasına baxmayaraq, Ermənistan baş naziri həyasızcasına Azərbaycanın Laçın yolunu bağlamaq niyyətində olduğunu iddia edir. Aydın məsələdir ki, o bu yolla bölgədə vəziyyətin qəsdən gərginləşdirilməsinə çalışır. Çünki Paşinyan uzun müddətdir prosesə Qərb müttəfiqlərini cəlb edərək öz maraqlarını təmin etmək istəyir. Göründüyü kimi, beynəlxalq öhdəliklərini pozan tərəf Ermənistandır”.

Turan Rzayev
Globalinfo.az