Paşinyanın istədiyi yüksəkliklə bağlı Bakıdan açıqlama – 4 kəndin əvəzində…

Ermənistan Baş naziri Nikol Paşinyan son günlər 4 kəndi Azərbaycana qaytarmağa hazır olduğunu bildirən açıqlamalar verir. Lakin o, bunun əvəzində Azərbaycan ordusunun sərhəddəki strateji yüksəkliklərdən çəkilməsini istəyib.

Maraqlıdır, onun bu təklifini Azərbaycan tərəfi necə qiymətləndirəcək? Sərhəddəki strateji yüksəkliklər 4 kəndə görə boşaldıla bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Ermənistan mediasında və ekspert müstəvisində vaxtaşırı bənzər motivdə mülahizələr səslənir:

“Bu mülahizələr həm sülh prosesinə qarşı olur, həm də Azərbaycanın nəbzini yoxlamaq mahiyyəti daşıyır. Bu mənada Paşinyanın son açıqlaması da əslində nəbz yoxlamaq xarakterlidir.

Strateji yüksəkliklərin qaytarılması mümkün deyil. Çünki bu yüksəkliklər ölkəmizin təhlükəsizliyi baxımından vacibdir. Bundan başqa Ermənistanın sülh prosesində iştirakını zəruri edən güc faktorudur.

Azərbaycan anklavlar və eksklavlar məsələsi ilə yanaşı sərhədlərin açılmasına da önəm verir. Yəni bizim əsas niyyətimiz danışıqlar yolu ilə sülh müqaviləsini imzalamaqdır. Bu baş tutana qədər isə həmin yüksəkliklərin bizdə qalması vacibdir.

Bu gün sülh müqaviləsinin imzalanması üçün ən münasib vaxtdır. Ermənistan bunu başa düşməlidir. Berlində XİN başçılarının uğurlu görüşü baş tutdu. Ermənistan başa düşməlidir ki, sülh müqaviləsi region üçün çox vacibdir. Bu mənada hələlik o yükəskliklərin qaytarılması müzakirə predmeti deyil”.

Turan Rzayev
Globalinfo.az