WhatsApp Image 2023 10 25 at 10.10.55

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının Moskvada keçirilən iclasında qəbul edilmiş iki bəyanatı imzalamaqdan imtina edib. İddia edilir ki, onun qarşısına bununla bağlı tələb Qərbdən qoyulub.

Rusiyada Ermənistanın sözügedən rəftarına necə reaksiya veriləcək? Sənədlərin məzmununda nə var ki, onları imzalamaq Ermənistan üçün qəbuledilməz olub?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Moskva görüşü ilə bağlı Qərbdən konkret “ev tapşırıqları” almışdı:

“Onun Rusiya və Azərbaycan liderləri ilə üçtərəfli görüşdən imtina etməsi bu baxımdan qiymətləndirilməlidir. Çünki Qərb başa düşür ki, Moskva hazırda regionda sülh və sabitlikdə maraqlıdır. Qərb buna görə də Rusiyanın səylərinə mane olur.

Bu baxımdan iddialar həqiqətə uyğun ola bilər. Sazişlərin nədən ibarət olduğunu konkret demək çətindir, amma böyük ehtimalla həmin sənədlər yekunda İrəvanı Moskvadan daha çox asılı vəziyyətə salacaqdı.

Rusiya uzun illər, daha dəqiq desək, İkinci Qarabağ müharibəsinə qədər Cənubi Qafqazda gərginliyin davamlı olmasında və “Qarabağ düyünü”nün açılmamasında maraqlı idi. Bunu Moskvanın regional və milli maraqları tələb edirdi.

İkinci Qarabağ müharibəsindən sonra isə Cənubi Qafqazda yeni reallıq yarandı. Rəsmi Moskva çox keçmədən Bakının bölgədə yaratdığı reallıqlarla hesablaşmağa başladı. Sözsüz ki, Ukraynada başlayan savaşın da bu məsələdə müəyyən rolu oldu.

08bZbRHikP1Dwhs6SRea

Kənan Novruzov

Bu gün Rusiyanın başı Ukraynadakı müharibəyə qarışıb. Qərb bütün imkanları ilə Rusiyanı sıxışdırır. Hazırkı vəziyyətdən istifadə etmək istəyən ABŞ və müttəfiqləri bölgəyə soxulmağa cəhd edir. Bu isə Kremlin maraqlarına uyğun deyil.

ABŞ-ın əsas strategiyası Ermənistan vasitəsilə bölgədə yeni gərginlik yaratmaqdır. Çünki Qərb ancaq gərginlik vasitəsilə regiondakı təsir imkanlarını qoruya bilər”.

Ekspert deyib ki, Rusiya bunlardan narahatdır, çünki Qərbin təhrikləri nəticəsində Cənubi Qafqazda ikinci cəbhə açıla bilər:

“Bu, Moskva üçün ciddi təhdiddir. Odur ki, Rusiya bütün imkanları belə bir ssenarinin qarşısını almağa çalışır. Kremlin regionumuzda sülh istəməsi öz maraqları ilə bağlıdır.

Rusiya hazırda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını və bunun öz vasitələçiliyi ilə olmasını istəyir. Çünki regional sülh Rusiya üçün mümkün təhdidlərin qarşısını almaqla yanaşı, regiondakı mövcudluğunu təmin edəcək.

Rəsmi Bakı təmkinli olmalıdır. Moskva ilə dialoqa getmək və yaranan fürsətlərdən istifadə etmək olar. Amma Azərbaycan heç bir halda Rusiyaya bənd olmamalı, regional sabitlik üçün daha çox Ermənistanla ikitərəfli təmaslara üstünlük verməlidir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: