Paşinyanın Bakıya göndərdiyi sülh mətnində nələr yazılıb? – İsti şərh

“Ermənistan başa düşür ki, gec-tez Azərbaycanla sülh müqaviləsi imzalanmalı, Ankara ilə münasibətlər normallaşmalıdır”.

Bu sözləri Globalinfo.az-a politoloq Tofiq Abbasov Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi mətnini rəsmi Bakıya göndərməsi və sazişi imzalamağa hazır olduğunu bəyan etməsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, N.Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolu yoxdur:

“Bu baş verməsə, Ermənistan daha böyük uçuruma yuvarlanacaq. Amma bu da bir reallıqdır ki, Paşinyan sülh prosesində vaxt udmağa çalışır. Xüsusilə qeyd etmək lazımdır ki, Paşinyan indiki məqamda sülh müqaviləsinə dair qərar verməyə çəkinir. Bir çox hallarda o, müxalifəti, ya da deputatları ittiham edərək məsuliyyətdən yayınmağa çalışır”.

Politoloq deyib ki, Azərbaycanın N.Paşinyanın göndərdiyi sülh müqaviləsi təklifini qəbul etməsi inandırıcı deyil:

“Birincisi, Ermənistanın təkliflərində “Dağlıq Qarabağ” ifadəsi var. Azərbaycan isə belə bir ifadəni tanımır və birmənalı şəkildə rədd edir.

İkincisi, Ermənistan tərəfi rəsmi Bakını Xankəndi ilə təmaslar qurmağa səsləyir. Azərbaycan tərəfi Qarabağdakı erməniləri öz vətəndaşı olaraq görür, lakin onlarla siyasi danışıqlara getmək niyyətində deyil.

Üçüncüsü, Ermənistan rəsmi Bakı ilə Xankəndidəki separatçılar arasında beynəlxalq mexanizmin yaradılmasını istəyir. Bu, Azərbaycanın daxili məsələsinin beynəlxalq aləmə çıxarılması deməkdir. Bakı bunu qəbul edə bilməz.

Ermənistanın bu təklifləri ilə çətin ki, sülhün əldə edilməsi mümkün olsun”.

Turan Rzayev
Globalinfo.az