pasinyan baki scaled 1

Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan velosiped sürdükdən sonra mahnı sədaları altında özünü çəkdiyi görüntüləri paylaşıb. Diqqətçəkən məqam isə həmin ifanın Azərbaycan mahnısı olmasıdır. Söhbət Zeynəb Həsəninin ifa etdiyi “Aram-aram” mahnısından gedir.

Bəs Paşinyanın Azərbaycan mahnısına qulaq asması nə ilə bağlıdır? Bu, bir mesajdır?

Globalinfo.az-a danışan hərbi ekspert Telman Qasımov deyib ki, təkcə Paşinyan deyil, ermənilər arasında da Azərbaycan mahnılarına hər zaman maraq olub.

“Onlar türk və Azərbaycan mahnılarına meylli olublar. Üstəlik, Paşinyanın doğulduğu region Qazaxla sərhəddə yerləşir. Söhbət İcevan rayonundan gedir. Məsələn, Ermənistanın həmin bölgədəki kəndləri ilə Qazaxın Qızılhacılı kəndi arasında çox yaxın əlaqələr olub. Kəndlər bir-biri ilə sıx bağlı yaşayıblar. Həmin kəndlərin sakinləri azərbaycanlılarla, Azərbaycan uşaqları ilə yaxın münasibətdə olublar, Azərbaycan toylarında iştirak ediblər. Məsələn, Qazaxın kəndlərindən müğənniləri və musiqiçiləri öz kəndlərinə apararaq toylarında ifa etdiriblər. Yəni İcevan rayonunun həmin kəndləri ilə Azərbaycan kəndləri arasında əlaqələr çox güclü olub. Kəndlər, demək olar ki, bir-birinə qarışmış vəziyyətdə yaşayıblar”.

T.Qasımovun sözlərinə görə, Paşinyanın atası zurnaçı olub və Qazax tərəfə gələrək toylarda ifa edib:

“Paşinyan musiqi ilə bağlı bir ailədə böyüyüb. Digər tərəfdən, xatırlayırsınızsa, İcevan rayonunda bir erməni müğənni Elnarə Abdullayevann şəklini divardan asmışdı və gün ərzində onun mahnılarına qulaq asırdı. Kənd sakinləri o vaxt bundan şikayət etmişdilər.

telman qasimov

Telman Qasımov

Onlar deyirdilər ki, həmin şəxs bütün günü Elnarə Abdullayevanın şəklini divardan asır, mahnılarını dinləyir. Müharibə şəraitində olduğumuzu əsas gətirərək bunun yolverilməz olduğunu bildirirdilər. Həmin şəxsi cərimələmişdilər, amma o, yenə də şəkilləri divardan götürməmişdi. Yəni həmin insanın bu musiqiyə və ifaçıya bağlılığı var idi”.

Ekspert Ermənistanın müxtəlif bölgələrində yaşayan ermənilərin düşüncə və dünyagörüşü baxımından fərqləndiyini də bildirib:

“Məsələn, Ermənistanın Qafan və Gümrü tərəflərinə baxın. Orada kiminsə Azərbaycan mahnısına maraq göstərməsi ilə bağlı hallara çox rast gəlməzsiniz. Bunun səbəbi həmin ərazilərdə daşnak düşüncəsinin və radikal millətçi mövqelərin daha güclü olmasıdır. Onlar Türkiyəyə qarşı nifrət bəsləyirlər. Düzdür, həmin insanlar da Türkiyə telekanallarına baxırlar. Çünki Türkiyə ilə sərhəddə yaşayırlar və bu ölkədə baş verənləri izləmək məcburiyyətində qalırlar”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: