Ermənistanda müxalifətdə olan “Çiçəklənən Ermənistan” Partiyasının lideri, tanınmış iş adamı Qaqik Tsarukyana məxsus ən iri kazinolardan biri olan “Şanqri La”nın fəaliyyət lisenziyası ləğv edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan sosial şəbəkə hesabında məlumat verib.
Nazir “Onira Klab” MMC-nin kazino istismarı üzrə lisenziyasının hüquqi qüvvəsini itirməsi barədə qərarı paylaşaraq müvafiq sənədin fotosunu dərc edib.
Qeyd edək ki, “Şanqri La” kazinosunu idarə edən “Onira Klab” MMC Qaqik Tsarukyana məxsus olan Multi Group holdinqinin tərkibinə daxildir.
Lisenziyanın hansı səbəbdən ləğv edildiyi barədə hələlik rəsmi açıqlama verilməyib.
Əliyar Xəlil