tro8

Ermənistanın Baş naziri Nikol Paşinyan fikir ayrılığı yaşanan hakim Mülki Müqavilə Partiyasındakı narazılığa görə əvvəlcə ən güvəndiyi iki adamdan biri olan Alen Simonyanı vəzifədən uzaqlaşdırdı. İndi isə digər etibar  etdiyi şəxs olan baş nazir aparatının rəhbəri Araik Harutyunyanı vəzifəsindən göndərir. Paşinyan beləliklə həm sağını, həm də solunu boş qoyur.

Ən qəribəsi isə Harutyunyanın yerinə Lilit Makuntsu gətirməsidir. Makunts keçmiş prezident Co Bayden hakimiyyəti dövründə Ermənistanın ABŞ-dakı səfiri olub. Məhz onun sözü ilə hərəkət etdiyi üçün Paşinyanın Donald Tramp administrasiyası ilə 8 avqust görüşünə qədər arası soyuq idi.

Digər erməni rəsmiləri kimi Makunts da Demokratlar Partiyası ilə çox yaxın əlaqələrə malikdir. Lakin 2024 seçkilərində Paşinyan ona tapşırmışdı ki, budəfəki proses həssas olacaq, İrəvan üçün də son dərəcə kritik zamanlardır. Bir növ, “Sən orada diqqətlə müşahidə apar görək, dəstəyi Baydenə verək, yoxsa Trampa?” – demişdi. Məhz o ərəfədə Prezident İlham Əliyev tədbirdə xarici jurnalistin sualına cavabında Bakının Trampın seçilməsini dəstəklədiyini demişdi. Bu, o zaman gələcək ABŞ liderinin heyətinin nəzərinə də çatmışdı. Trampın qalibiyyətindən sonra Ermənistan KİV-də Vaşinqtonun yeni rəhbərliyinin Paşinyan hökumətinə qərəzli olduğuna dair xəbərlər yayılırdı. Məlumata görə, Makunts seçkilərdən əvvəl Paşinyanı əmin edib ki, gəl yenə Demokratları dəstəkləyək, için rahat olsun, üstünlük onlardadır, Bayden olmasa da, Kamala Harris olacaq. Hətta səfir İrəvanın dəstəyini nümayiş etdirmək üçün Demokratların təbliğat tədbirləri və kampaniyasında görünüb. Trampın komandası bunu da eşidib. Seçkidən sonra Trampın qalibiyyətinin İrəvanda qarışıqlıq yaratdığı deyilirdi. İddialara görə, Makunts Paşinyana yanlış məlumat verdiyi üçün hakim komandada ciddi narazılıq və narahatlıq yaranmışdı. Hətta “Bakı doğru karta oynadı, biz yanıldıq” deyirdilər. Bir müddət sonra da Vaşinqtondakı səfiri dəyişdilər. Ardınca Vaşinqton-Bakı münasibətləri, Vaşinqton-İrəvan əlaqələri ilə paralel şəkildə irəlilədi. Hətta xeyli yaxşılaşdı. İndi isə Paşinyan Makuntsu aparat rəhbəri gətirir.

Ümumiyyətlə, Simonyan və Harutyunyanı uzaqlaşdırmağa məcbur olması suallar doğurur. Həqiqətən hakim komandada narazılıq olub, yoxsa Paşinyan “ikinci Zelenski” sindromu yaşayır?

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: