Ermənistan hökuməti iyulun ortalarında rusiyalı iş adamı Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” şirkətini ictimai prioritet obyekt elan edəcək. Bundan sonra şirkətin bazar dəyəri qiymətləndiriləcək və kompensasiya məbləği müəyyənləşdiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə şirkətin müvəqqəti idarəçisi, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının idarə heyətinin üzvü Romanos Petrosyan deyib.
Onun sözlərinə görə, milliləşdirmə prosesi sürətlə davam edir.
“Artıq iyulun ortalarında hökumət şirkətin ictimai prioritet elan olunması barədə qərar qəbul edəcək. Bundan sonra bazar dəyəri qiymətləndiriləcək və kompensasiya ödəniləcək”, – deyə Petrosyan bildirib.
Xatırladaq ki, 18 iyun 2025-ci ildə “Taşir” Şirkətlər Qrupunun prezidenti və təsisçisi Samvel Karapetyan hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırış etmək ittihamı ilə saxlanılıb. Onun rəhbərlik etdiyi qrupa Ermənistanda elektrik enerjisinin ötürülməsi və paylanmasını həyata keçirən “Ermənistan Elektrik Şəbəkələri” QSC daxildir.
Karapetyan əvvəlcə iki ay müddətinə həbs edilib, daha sonra həbs müddəti uzadılıb. 18 yanvar 2026-cı ildə isə o, ev dustaqlığına buraxılıb. İş adamının saxlanılmasından sonra Ermənistanın baş naziri Nikol Paşinyan şirkətin milliləşdirilməsinin mümkünlüyünü istisna etməyib.
Əliyar Xəlil