Paşinyandan Bakıda saxlanılan separatçılarla bağlı şok təklif: “Onları verin, əvəzində…”

14:45

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanda həbs edilən keçmiş qondarma qurumun “lider”lərinin dəyişdirilməsinin mümkünlüyü ilə bağlı suala maraqlı cavab verib: “Ermənistan oradakı azərbaycanlı əsirləri erməni hərbi əsirlərlə dəyişməyə hazırdır”.

“Təəssüf ki, sırf bu humanitar məsələ siyasiləşdirilir. Biz hərbi əsirlərimizin geri qaytarılması üçün bu məsələdə mümkün qədər çevik olmağa hazırıq. Biz Ermənistanda məhkum olunmuş azərbaycanlıları öz hərbi əsirlərimizlə dəyişməyə hazırıq” – N.Paşinyan deyib.

O, həmçinin bildirib ki, danışıqlardan əlavə, vəziyyətin həlli üçün beynəlxalq hüquq-müdafiə təşkilatları ilə iş aparılır.

Maraqlıdır, Paşinyanın təklifini rəsmi Bakı qəbul edəcək? Ümumiyyətlə Azərbaycanda həbs edilən keçmiş qondarma qurumun “lider”lərini hərbi əsir adlandırmaqla Paşinyan hansı məqsəd daşıyır? Bakıda həbsdə olan separatçıların dəyişdirilməsi mümkündür?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bizdə Ermənistandan olan əsir və ya məhbus yoxdur:

Kənan Novruzov

“Azərbaycanda saxlanılanlar, o cümlədən David Babayan, Araik Arutunyan terrorçulardır. Onları Ermənistandakı əsirlərimizlə eyniləşdirmək doğru deyil.
Ermənistan baş naziri Nikol Paşinyan hər şeydən əvvəl manipulyasiyaya cəhd edir. O, deyir ki, bu, humanitar məsələdir. Uzun illər torpaqlarımızda terrorçuluq fəaliyyəti ilə məşğul olanlar haqqında necə humanitar kontekstdən danışmaq olar?

İkincisi, Paşinyan, beləliklə özünü dünyaya “sülh göyərçini” kimi təqdim etməyə çalışır, həmçinin daxili ictimai rəyi formalaşdırır.

Üçüncüsü, terrorçuları Ermənistana qaytarandan sonra onların yeni revanşa cəhd etmələri, yaxud ehtimal olunan sülh müqaviləsinə mane olmaları istisna deyil. Bütün bunları nəzərə alaraq deməliyik ki, yalnız bir halda Paşinyanın təklifinə müsbət yanaşmaq olar: bu, sistemli sülh müqaviləsinin bir addımı olacaq və bundan sonra İrəvan sağa- sola boylanmadan Bakının şərtləri daxilində danışıqlar masası arxasına keçəcək”.

Turan Rzayev
Globalinfo.az