Tilsim qırılır: Nikol paytaxtı itirir, Qarabağı xatırlayacaq

“Ermənistanda Yerevan şəhər mer seçkilərinin nəticələri bəlli oldu. Nikol Paşinyanın partiyası 33%-lik səs qazanıb – 65 mandatdan 24-nü toplaya bilib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Əhməd Əlili deyib.

Onun sözlərinə görə, mer seçilməsi üçün 33 mandatın lazım olduğunu hesaba alsaq, Paşinyanın “Vətəndaş Müqaviləsi” üçün əlavə 9 səs lazımdır:

“Paşinyanın koalisiyaya gedəcəyi gözlənilir və ən mümkün namizəd məşhur Vazgen Sərkisyanın qardaşı Aram Sərkisyanın rəhbərlik etdiyi “Respublika” Partiyası ilə olacağı ehtimal olunur. Bu halda da 32 səs toplanır və bir səs çatmır.

Digər mümkün koalisiya isə keçmiş “paşinyançı” Ayk Marutyanın “Milli proqress”, Andranik Tevanyanın “Ana Ermənistan” və Vardan Qukasyanın “Milli Səs” partiyası arasında mümkündür – 33 səs toplanır.

Ermənistanda uzun müddət idi ki, Paşinyana rəqib formalaşdırmaq alınmırdı. Yerli ermənilər Robert Koçaryan və Serj Sərkisyanın iştirak etdiyi bütün təşəbbüslərdə “protest-səsverməsi” ilə Paşinyanı dəstəkləməkdə davam edirdilər. İndi isə keçmiş “paşinyançı” Ayk Marutyan önə çıxır. Yeni nəsil müxalifətin hakimiyyətin içindən çıxması normal politoloji fenomendir. Beləliklə də Ermənistanda yeni müxalifət lideri formalaşır. 2020-ci il Qarabağ məğlubiyyətindən sonra Paşinyandan üz döndərmiş bütün “proqressiv” siyasi qüvvələr Ayk Marutyan ətrafında birləşə bilərlər”.

Əhməd Əlili

Politoloq deyib ki, seçkinin nəticələrini Ermənistan cəmiyyətinin siyasi mövqeyi hesab etmək olmaz:

“Qanunvericiliyə əsasən, seçkilərdə şəhərdə yaşayan qonaqlar da iştirak edə bilərlər və iştirak da ediblər. Yerli ermənilərin seçkiyə olan çox aşağı marağı, cəmiyyətin apolitikliyi fonunda (20%+ seçici iştirakı), Yerevanda olan şəhər qonaqları – əsasən Rusiya vətəndaşı olan erməni və qeyri-erməni kimlikli şəxslərin – prosesdə iştirakı seçkilərin taleyini həll edib.

Paşinyan bu “qarışıqlıqdan” daha zəif çıxdığı üçün Qarabağla bağlı olan məsələlərdə müxalifətin istədiyi kimi hərəkət edə və daha sərt bəyanatlar verə bilər. Həmçinin çox mümkündür ki, “bizim başımız daxili məsələlərə qarışıb, Qarabağla danışıqlara sonra qayıdarıq” kimi arqument bundan sonra Ermənistan hakimiyyəti tərəfindən tez-tez səsləndirilsin”.

Turan Rzayev
Globalinfo.az