Ermənistan Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi zonasında zorakılığın növbəti yüksəlişinin qarşısını almaq üçün Azərbaycan prezidenti İlham Əliyevə “təcili” danışıqlar aparmağı təklif edib.
Paşinyan bu təklifi Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı zamanı səsləndirib. O, Ermənistan-Azərbaycan sərhədində və Qarabağda “təmas xəttində” gərginliyin artması fonunda adıçəkilən liderlərə zəng edib. Bu barədə Azadlıq Radiosunun erməni bölümünün ingilisdilli saytı xəbər yayıb.
Ermənistan hökuməti bildirir ki, Azərbaycan növbəti irimiqyaslı hərbi hücuma hazırlıq məqsədilə oraya qoşun yığır. Paşinyan cümə axşamı günü beynəlxalq ictimaiyyəti Bakının iddia edilən planlarının qarşısını almaq üçün “çox ciddi tədbirlər” görməyə çağırıb.
“Baş nazir Paşinyan Azərbaycan prezidenti ilə gərginliyin azaldılması istiqamətində təcili müzakirələr aparmağa hazır olduğunu bildirib”, – hökumətin Makronla görüşünə dair cümə günü axşam saatlarında yayılan bəyanatda deyilir. Paşinyan həmçinin Makronun iştirakı ilə Əliyevlə 2022-ci ilin oktyabr və 2023-cü ilin may aylarında keçirdiyi görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha təsdiqləyib.
Paşinyanın ofisi onun Şolz və Rəisi ilə ayrı-ayrılıqda söhbətinin mətnini də yayıb. Hər üç mətn son dərəcə oxşardır. Fransa və Almaniya liderlərinin Paşinyana bölgədə sülh və sabitliyin bərqərar edilməsi üçün səylərini davam etdirəcəklərinə söz veriblər.
Cümə günü Azərbaycanın üç yüksək rütbəli rəsmisi Bakıda akkreditasiya olunmuş xarici diplomatlarla görüşərək Ermənistanı hərbi təxribatları gücləndirməkdə, sülh danışıqlarını imitasiya etməkdə və Qarabağda separatizmi qızışdırmaqda ittiham ediblər. Ermənistan Xarici İşlər Nazirliyi bu ittihamları təkzib edib.
Elbəyi Həsənli, Sürix
Globalinfo.az