Paşinyan razılaşmanın üstündən xətt çəkdi – Rusiya “nadir” sayılacaq addımı atdı

Rusiyalı politoloq İqor Korotçenko Ermənistanla bağlı məsələlərdə Kreml üçün prioritet məqamları açıqlayıb.

O deyib:

“AB-nin müşahidə missiyasının Ermənistandan tamamilə çıxarılması, ABŞ-ın İrəvandakı səfirliyinin əməkdaşlarının sayının iki dəfə azaldılması vacibdir. Həmçinin İrəvanın Fransa silahlarının alınması ilə bağlı bütün müqavilələri ləğv etməsi, eləcə də FTX-nin sərhəd xidmətinin nəzarətində olan Zəngəzur nəqliyyat dəhlizinin açılması, Ermənistanda rus dilinin tədris olunduğu məktəblərin aktiv inkişafı da bura aiddir”.

Globalinfo.az-a danışan politoloq Asif Nərimanlı deyib ki, Rusiya səfirinin geri çağırılması Moskva-İrəvan xəttində proseslərin çıxılmazlığa doğru getdiyini göstərir:

“Rusiya nadir hallarda belə addımlar atır. Bununla diplomatik münasibətlər tamamilə sıradan çıxmır. Sadəcə Ermənistan Baş naziri Nikol Paşinyanın atdığı anti-Rusiya addımlarına qarşı verilmiş ciddi cavab idi. Rus mediasında yer alan xəbərlərdən aydın görünür ki, Ermənistana qarşı kütləvi kampaniya başlayıb.

Əslində, Rusiya Paşinyan hakimiyyəti ilə münasibətlərini normallaşdırmağa çalışır, lakin bunun mümkün olmadığını da görür. Son Moskva görüşündə xüsusilə Rusiya sərhədçilərinin çıxarılması ilə bağlı razılaşma əldə olunmuşdu. Amma ardınca Ermənistan Baş naziri KTMT ilə bağlı kəskin fikirlər səsləndirməyə başladı. Görünür, Nikol Paşinyan Moskvada verdiyi vədlərə Ermənistana gələn kimi xətt çəkib. Yəni razılaşmadan çıxıb. Səfirin geri çağırılması da bununla əlaqədardır”.

Ekspertin sözlərinə görə, Rusiya Ermənistan ictimaiyyətinə təsir etməyə çalışır:

“Bunu informasiya məkanında daha sərt formada həyata keçirir. Bütün bunların fonunda Ermənistanın həmin şərtləri qəbul edəcəyi gözlənilmir. Paşinyan hakimiyyətinin bundan sonra geri çəkiləcəyini düşünmürəm. Lakin Rusiyanın Ermənistanın daxili işlərinə müdaxilə etmək imkanı yoxdur. Bütün müxalifət Baqrat Qalstanyanın ətrafında birləşdirilsə də, hansısa nəticə əldə edəcəklərini zənn etmirəm. Rusiyanın İrəvana qarşı iqtisadi rıçaqları isə daha effektiv nəticə verə bilər”.

Safura Bənnayeva
Globalinfo.az