Putinin Paşinyan haqda sözləri müzakirələrə səbəb oldu – “Yalvaracaqlar…”

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanı Moskvaya dəvət etdiyini açıqlayıb. O, özünün də İrəvana dəvət olunduğunu bildirib. Putin qeyd edib ki, Qarabağdan gələn ermənilər çətin günlərdən keçdiyi üçün Paşinyanın onunla görüşə bilməməsini anlayır. Özünün isə yaxın zamanlarda Ermənistana səfərinin mümkün ola biləcəyini açıqlayıb.

Roma Əsasnaməsinin Ermənistanda rəsmi olaraq ratifikasiya edilməsi və İrəvanla gərginləşən münasibətlər fonunda Putinin bu çıxışı müzakirələrə səbəb olub.

Bəs Rusiya Prezidentinin Roma Statutunu ratifikasiya etmiş Ermənistana səfəri ilə bağlı açıqlaması hansı məqsəd daşıyır? Səfər real görünür? Paşinyanla bağlı ritorikasında yumşalma var?

Globalinfo.az-a danışan siyasi şərhçi Həşim Səhrablı bildirib ki, Paşinyanın inadla Putinlə görüşdən qaçmasının mühüm səbəbləri var:

“Həm Rusiya, həm də Ermənistan liderlərinin yaşanan hadisələr fonundakı açıqlamaları öz nöqteyi-nəzərlərindən məqbul sayıla bilər. Məsələn, Ermənistan liderinin Rusiyaya getməkdən israrla qaçmağa çalışması, hər dəfə bəhanə ilə Moskva səfərindən yayınması Paşinyanın hər şeyin fərqində olduğundan xəbər verir. Ermənistanın Baş naziri onsuz da Moskvanın İrəvandan nə istədiyini yaxşı bilir. Rusiyaya getmək istəmir, çünki burada həmin istəklər ondan daha sərt formada tələb edilə bilər. Putinin ümumi yanaşmaları, digər liderlərlərlə hansı eqo ilə danışdığını təxmin etmək çətin deyil. Məhz buna görə də Paşinyan israrla Putinlə görüşdən qaçır. Ermənistanın maraqlarını Rusiyanın maraqlarına bağlamaq istəmir. Yaxşı başa düşür ki, İrəvan Moskvadan asılı vəziyyətdə qaldıqca, bu onu vassal dövlətə çevirir. Əslində anlaşılandır. Ermənistan rəhbəri çalışır ki, ölkəsini Rusiyanın çətirinin altından xilas edib, tam müstəqil dövlətə çevirsin. Bu ölkənin müstəqil olduğunu onsuz da iddia edənlər azdır. Yəni Ermənistan müstəqil dövlətdən daha çox, kiminsə buyruqlarını icra edən pozucu bir layihə kimi davranır. Paşinyan da bunun fərqindədir, Moskvanın təsirindən uzaqlaşmağa və həqiqətən də müstəqil sistem formalaşdırmağa çalışır”.

Həşim Səhrablı

H.Səhrablı Putinin ermənilərə qarşı səbirli davranışının arxasında bir məqsədin dayandığını deyib:

“Putinin Ermənistanla bağlı, Paşinyana mövqeyində hər hansı yumşalma olduğunu deməzdim. Sadəcə Rusiya prezidenti çox ağıllı siyasətçidir. Prosesləri izləyir və bilir ki, əvvəl-axır ermənilərin dönüb-dolaşıb gələcəyi yer yenə Rusiyanın qapısı olacaq. Onlar özləri üçün yardım yalvarışları edəcəklər. Çünki Cənubi Qafqaz elə bir regiondur ki, burada Qərbə tarixin heç bir mərhələsində yer olmayıb. Nə ABŞ, nə bugünkü İngiltərə, nə də Fransa regionda söz sahibi olub. Burada tarix boyunca üç aparıcı qüvvə mövcud olub: Rusiya, Anadolu Türklüyü və Azərbaycan Türklüyü. Ermənilər bunu artıq anlamalıdırlar. İsrarla Qərbdən dəstək istəyərək hər hansı nailiyyətlər həyata keçirmələri qeyri-mümkündür. Putin bilir ki, türkləri özlərinə düşmən görən ermənilər Qərbdən fayda gəlməyəcəyini anladıqları zaman yenə qorunmaq üçün Rusiyanın çətiri altına girməyə məcbur olacaqlar. Ona görə də bu gün onların nazı ilə oynamaqda maraqlıdır”.

Ekspert qeyd edib ki, Ermənistan dövlətinin tamamilə məhv olması Rusiyanın maraqlarına ziddir:

“Onların dövlət kimi ortaya çıxarılmaları belə məhz Rusiyanın maraqlarının təmin edilməsi üçün həyata keçirilib. Çünki Ermənistan dövlətinə kimi ruslar Cənubi Qafqazda öz varlıqlarını möhkəmləndirə bilməmişdilər. Türklərə qarşı lokal döyüşlərdə qalib gəlməyi bacarsalar da, regionda söz sahibinə çevrilə bilmirdilər. Məhz rus-erməni birliyi formalaşdıqdan, rusların dəstəyi ilə Ermənistan dövləti yarandıqdan sonra Rusiya son 200 ildir, Cənubi Qafqazın siyasi həyatına aktiv şəkildə daxil ola bilir. Putin ona görə bu gün ermənilərin Qərbə yönəlməsinin sona çatmasını gözləyir”.

O, Putinin İrəvana səfəri zamanı həbs olunma ehtimalını dəyərləndirib:

“Ermənistan Roma Əsasnaməsini ratifikasiya etsə belə, Putin ora səfər edəcəyi halda İrəvanda elə bir qüvvə, cəsarət yoxdur ki, onu həbs edə bilsin. Bunlar oyundur. Düşünürəm ki, Putinin anidən Ermənistana səfər etmək qərarı başqa məqsədə hesablana bilər. Kreml bununla ermənilərə kiminlə ittifaqa girmələrinə baxmayaraq rus hegemoniyasından kənar hərəkət edə bilməyəcəklərini göstərmək istəyə bilər. Ümumiyyətlə Rusiya prezidentinin hər hansı ölkədə saxlanılması o dövlət üçün absurd qərar olar. Bu Rusiyadır, onun nüvə silahı var. Sərhədlərini keçməyə cəsarət edə biləcək heç kim yoxdur. Hətta ABŞ kimi supergüc dövlətin belə Rusiyaya qarşı ehtiyatla davrandığı halda hansı ölkə Putini həbs edərək özünü hədəfə çevirmək istəyər? Putin Ermənistana mümkün səfəri ilə heç bir beynəlxalq qanuna tabe olmadığını, özünün qanun yaratdığını göstərməyə çalışacaq”.

H.Səhrablı Kremlin İrəvana güzəştə getməyəcəyini, lakin səbirli olmağa davam edəcəyini bildirib:

“Hesab edirəm ki, Ermənistan və Rusiya liderləri arasında keçiriləcək görüş standart danışıqlardan fərqli keçməyəcək. Çünki Nikol Paşinyan hələ də Ermənistanda güclü tərəfdir. Onu devirə bilmədilər. İrəvan hakimiyyəti hazırda qərbmeyilli simalardan təşkil olunub. Buna baxmayaraq Rusiyanın bu ölkədə iqtisadi, hərbi-siyasi varlığı da nəzərə alınmalıdır. Məhz bu nöqtədə ermənilər tamamilə Moskvadan imtina etməyəckləri kimi, yenidən onun təsir dairəsinə düşməkdən boyun qaçıracaqlar. Amma Kremlin Ermənistana hər hansı güzəştə getməyəcəyi məlumdur, lakin ona qarşı radikal addım atmayacaq. 20 illik dövlət maraqları Kreml hakimiyyətinin önünü kəsir və daha səbirli davranmağa vadar edir”.

Ayşən Mustafa
Globalinfo.az