“Paşinyan Parisə Makron “bacısı” ilə məsləhətləşməyə gedib”

Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birgə Fransaya gedib. Paşinyanın Fransa Prezidenti Emmanuel Makronla görüşəcəyi və Parisdə keçiriləcək “6-cı Sülh Konfransı”nda iştirak edəcəyi bildirilir.

Mövzunu Globalinfo.az-a şərh edən deputat Siyavuş Novruzov hazırda Ermənistanda tamamilə başqa proseslərin getdiyini deyib.

O bildirib ki, Paşinyan Avropada özünə dəstək axtarır:

“Adam bir sistemdən çıxıb, başqa sistemə daxil olmaq istəyir. Təbii ki, bu məsələdə də hər zaman olduğu kimi, yenə Ermənistana Fransa himayədarlıq edir. Ona görə də Parisə uçub ki, bəzi məsələləri Makron “bacısı” ilə danışsın. Eyni zamanda məlum məsələdir ki, qoşalaşıb Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsini müzakirə edəcəklər”.

Siyavuş Novruzov 

S.Novruzov deyib ki, sülh müqaviləsinin imzalanmamasında Fransanın rolu böyükdür:

“Ümumiyyətlə, sülh müqaviləsi ilə bağlı Ermənistan rəhbərliyinə təzyiqlər çoxdur. İlk növbədə təzyiq edən isə erməni diasporası, kilsəsi və qondarma rejimin Qarabağ ərazisində “hakimiyyətə” gələn insanlarıdır. Onlar əllərindən gələni edirlər ki, bu müqavilə imzalanmasın. İşğal dövründə həmin adamlar narkotik və qanunsuz silahların keçirilməsi, paylanılması və satışı ilə məşğul idilər. Bu səbəbdən də Qarabağ işğaldan azad edildikdən sonra onların biznesi batdı. Biznesləri də batdığı üçün Paşinyana qarşı ciddi təzyiqlər var”.

Deputat deyib ki, əslində, N.Paşinyan həm Türkiyə, həm də Azərbaycanla münasibətlər qurulmasını istəyir:

“Amma ona bu addımı atmağa imkan vermirlər. Vaxtilə ABŞ və Fransadan Qarabağa pullar göndərilirdi. Ona görə bu gün danışıqlarda Fransa özünü “yuyulmamış çömçə” kimi ortaya atır. Hətta başqa Avropa ölkələrinə, BMT-yə təsir göstərir ki, Azərbaycan əleyhinə qərar qəbul edilsin”.

Zaira Akifqızı
Globalinfo.az