Ordu meydanda, hava limanına təyyarə enir, Rusiya narahatdır – Nələr yaşanır?

ABŞ və Ermənistan hərbçilərinin “Eagle Partner 2024” proqramı çərçivəsində keçirdiyi hərbi təlimlər siyasi dairələrdə birmənalı qarşılanmayıb.

Fransa hərbi təyyarəsinin məhz təlimlərin keçirildiyi zamanda İrəvanda yerləşən “Zvartnots” hava limanına enməsi isə xüsusi diqqət çəkib.

Rəsmi Vaşinqton və Parisin İrəvanla bağlı siyasəti sinxron təşkil edir? Burada Rusiyanı narahat edən nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, hazırkı İrəvan hakimiyyəti Ermənistanın hərbi-siyasi idarəçiliyini tamamilə ABŞ və Qərbə təslim edib:

“Ermənistan hazırda faktiki olaraq müstəqil dövlət deyil, suverenliyi ləğv olunmaq üzrədir. Ölkə ABŞ, Avropa İttifaqı (Aİ) və Rusiya ilə rəqabət aparan bəzi Qərb ölkələrindən gələn təlimatlara əsasən idarə edilir. Avropa İttifaqının Cənubi Qafqazda Rusiya ilə mübarizəsində Ermənistandan alət kimi istifadə olunur. Ölkənin Müdafiə Nazirliyində ABŞ ordusunun xüsusi nümayəndəsinin çalışacağı ilə bağlı yayılan xəbərlər də bu fikirləri təsdiqləyir. Amerikalı general (general olduğu ehtimal edilir – red.) Ermənistan ordusunun idarə olunmasını tamamilə Pentaqonun ixtiyarına keçirmək məqsədi ilə oraya göndərilib”.


Elçin Xalidbəyli

Politoloqun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya əleyhinə hesablanmış bu prosesdən Azərbaycana qarşı istifadə etmək istəyir:

“Rəsmi İrəvan Parisin təlimatlarına əsasən Bakı ilə imzalanacaq sülh müqaviləsindən yayınmağa çalışır. ABŞ, Aİ və Fransanın hərbi-texniki dəstəyi ilə tez zamanda  Azərbaycanla qüvvələr nisbətini balanslaşdıra biləcəyini düşünür. Çünki iki ölkə arasında bu fərq qapanmayacaq səviyyədədir. ABŞ-da keçirləcək prezident seçkilərində Co Bayden administrasiyasının dəyişməsi ehtimalının getdikcə artması İrəvanı çox narahat edir. Çünki Donald Tamp prezident seçilərsə, ABŞ-ın Ermənistana indiki səviyyədə dəstək verməyəcəyi aydındır. Tramp əvvəlki prezidentlik dövründə tamamilə fərqli istiqamətdə xarici siyasət yürüdürdü”.

Safura Bənnayeva
Globalinfo.az