pasinyan 13432

Bir müddətdir Azərbaycan və Ermənistan arasında konstitusiya dəyişikliyi məsələsi gündəmdədir. Belə ki, rəsmi İrəvanın konstitusiyada dəyişiklik etmədiyi görünür.

Bu, sülhdən yayınmaq deməkdir? Azərbaycan Ermənistanı sülhə məcbur edə bilərmi? Hazırda rəsmi Bakının əlində belə rıçaq qalır?

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik qələbəsi Ermənistanı sülhə məcbur edən əsas faktordur:

“Faktiki olaraq, müharibə nəticəsində Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda Ermənistan və onun havadarlarının sülh quruculuğu prosesinə mane olacaq bütün təsir mexanizmləri yox edilib. Artıq əsas hədəf Ermənistanın götürdüyü öhdəlikləri icra etməsinə nail olmaqdır. Bu istiqamətdə də ən başlıca məqsəd Azərbaycan tərəfindən təqdim edilən beş prinsipə əsaslanan, qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasına dair Ermənistan tərəfindən ifadə edilən sözlü bəyanatların hüquqi öhdəlik olaraq da təsbit edilməsidir. Bunun üçün də ilkin olaraq Ermənistanın konstitusiyasında müvafiq dəyişiklikləri edərək ərazi iddialarından əl çəkməlidir. Təəssüf ki, Ermənistan tərəfi öz ənənəvi ritorikasında davam edir və bu məsələdə “qarşılıqlıq” prinsipi yaratmağa çalışır”.

Politoloqun fikrincə, bunun heç bir hüquqi əsası yoxdur:

“Çünki Azərbaycanın konstitusiyasında, eləcə də hansısa qanuni aktında nəinki Ermənistana, ümumiyyətlə, heç bir dövlətə ərazi iddiası yoxdur. İrəvanı qorxudan və manipulyasiya vasitəsi olaraq istifadə etməyə çalışdığı əsas məqam isə müasir Azərbaycan Respublikasının özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etməsidir. Amma bu məqam tarixi reallıqdan irəli gələn təbii haqlarımıza əsaslanır və heç bir halda ərazi iddiası olaraq ifadə edilə bilməz. Ermənistandan fərqli olaraq ərazi bütövlüyü prinsipinə münasibətdə Azərbaycanın kifayət qədər qətiyyətli və ədalətli mövqeyi var. Ona görə də indiki məqamda erməni tərəfinin bu istiqamətdə sərgilədiyi qeyri-konstruktiv mövqeyi öhdəlikdən yayınma və sülhü imitasiya oyunundan başqa heç bir məna ifadə etmir. Belə olan halda təbii ki, Azərbaycanın səbirli mövqeyində yetəri qədər dəyişiklik ola biləcəyi ehtimalı mütləq şəkildə qeyd edilməlidir.

Xüsusilə də Ermənistanda davam edən daxili qarşıdurmalar və siyasi böhran şəraitində sülh danışıqlarına zərbə vuracaq hər hansı real təhlükə olduğu halda adekvat şəkildə sərt cavab tədbirlərinin görüləcəyi ehtimalı istisna edilməməlidir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: