Paşinyan israr edir, Rusiya qəzəblənir – Nerkin-And atışmasının GİZLİNLƏRİ

Dünən Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya sərhədçilərinin Qafan rayonunun Nerkin-And sərhəd postuna nəzarət etmələri üçün mandatları yoxdur. O, həmçinin deyib ki, sərhədçilərin Aİ missiyasını bu bölgəyə buraxmaması qanunsuz olmaqla yanaşı, Ermənistanın suverenliyini pozur.

Son zamanlar Ermənistan ən yüksək səviyyədə Rusiya sərhədçilərinin mövcudluğunun qanunsuz və mandatsız olduğunu iddia edir.

Rusiya yaxın zamanlarda Ermənistan sərhədlərinin müdafiəsindən kənarlaşdırıla bilər? Bu durumda Ermənistanın təhlükəsizliyi ilə bağlı hər hansı problemlər ortaya çıxa bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ermənistanın cari dövr üçün məqsədi Rusiya sərhədçilərini ölkədən tamamilə çıxarmaqdan çox, onların nəzarət bölgələrini ələ keçirməkdir:

“Lakin bunu təkcə erməni hərbçilər vasitəsilə yox, Avropa İttifaqının müşahidə missiyası üzərindən etməyə çalışır. Nerkin-And istiqamətindəki məsələ də bundan ibarətdir. Rusiya sərhədçiləri Aİ müşahidəçilərini bu ərazilərə buraxmır. İstisna deyil ki, bu Zəngəzur dəhlizi layihəsi ilə bağlıdır. Çünki Nerkin-And bu layihənin keçəcəyi istiqamətdə yerləşir və Aİ bu ərazilərə də giriş əldə etməklə Rusiyanın ora nəzarətini ələ keçirmək istəyir. Rusiya da buna görə imkan vermir.

Rəsmi İrəvan Rusiyanın da planlaşdırdığı Zəngəzur dəhlizi layihəsinə görə bunu təhlükəli hesab edir. Əslində Nerkin-And kəndindən Zəngilan istiqamətində açılan snayper atəşinin hədəflərindən biri də Rusiyanın sabitliyi qoruya bilmədiyini əsas gətirərək, Aİ müşahidəçilərinin ora daxil olmasına nail olmaq idi”.

A.Nərimanlı qeyd edib ki, Ermənistan hakimiyyətinin ümumi planı Rusiya hərbçilərini ölkədən çıxarmaq, bazalarını bağlamaqdır, lakin hazırda bunu etmək imkanı zəifdir:

“Çünki Fransanın dəstəyi ilə hərbi baxımdan Rusiya və KTMT-ni müəyyən qədər əvəz etmək mümkün olsa da, iqtisadi baxımdan mümkün deyil. Rusiyaya qarşı bu addımı atacaqlarsa, ilk növbədə Ermənistanın iqtisadi təhlükəsizliyi sual altına düşəcək. Digər tərəfdən, Rusiyanın digər rıçaqlardan da Paşinyan hakimiyyətinə təzyiqi güclənəcək. Bu baxımdan Ermənistan hakimiyyəti prosesi mərhələli şəkildə həyata keçirmək niyyətindədir, sərhədçilərin çıxarılması imkanı var, xüsusilə onların yerini Aİ müşahidəçilərinin tutması fonunda”.

Turan Rzayev
Globalinfo.az