Paşinyan etiraf etdi: Bakıya qarşı “əsəb müharibəsi” aparır

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan sərhədinə göndərilən və hazırda 3 saatdır “Laçın” sərhəd-keçid məntəqəsi önündə gözləyən 19 yük maşını ilə bağlı paylaşım edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, Nikol Paşinyan guya “Qarabağ ermənilərinin üzləşdiyi vəziyyətə göz yuma bilmədikləri” üçün bu addımı atdıqlarını bildirib.

“Dağlıq Qarabağa göndərilən 360 ton həyati əhəmiyyət daşıyan yük sırf humanitar məqsədlər üçündür”, – deyə o, Tvitterdə yazıb.

Qeyd edək ki, Azərbaycan XİN Ağdam-Xankəndi marşrutu ilə Xankəndi və ətrafında yaşayan ermənilərin ehtiyac duyduğu bütün qida və digər vasitələrin çatdırıla biləcəyi haqda Brüsseldə (15 iyulda keçirilən görüşdə) razılıq əldə edildiyini bildirərək, hazırkı addımı şou və manipulyasiya adlandırıb.

Digər tərəfdən, erməni blogerlər də Xankəndi və ətrafında hər hansı ərzaq çatışmazlığı olmadığını bildirirlər. O cümlədən Xankəndidə keçirilən toy mərasimləri, restoranlarda təklif edilən menyular da ərazidə heç bir qıtlıq olmadığını təsdiqləyir. Hətta Xankəndidəki separatçı ünsürlər özləri çağırış edərək, dəbdəbəli həyat tərzi ilə bağlı videolar yaymamağı tövsiyə edirlər ki, yalançı təbliğatları ifşa olunmasın.

“Humanitar fəlakət” yalanından Nikol Paşinyanın da məlumatı var. Eyni zamanda, Brüsseldə Ağdam marşrutu və erməni icmasının reinteqrasiyası da razılaşdırılıb. Buna baxmayaraq, Paşinyan “360 ton ərzağı” Azərbaycanla heç bir razılaşma olmadan göndərməklə, bu şounun əslində özü tərəfindən qurulduğunu ifşa edir.

Ermənistan Azərbaycana qarşı “əsəb müharibəsi” aparır.