Parlament seçkiləri haqda son xəbər: “Proporsional sistemin bərpası…”

Mediada yayılan məlumatlara görə 2024-cü ilin noyabr ayının ilk bazar günü – yəni ayın 3-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilə bilər. Bu il noyabr ayında Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini nəzərə alsaq, parlament seçkilərinin may-iyun ayında baş tutması istisna edilmir.

Bəs bu haqda dəqiq məlumat necədir? Reallıq nədən ibarətdir? Ən əsas suallardan biri də Milli Məclisin tərkibinin dəyişib-dəyişməyəcəyi ilə bağlıdır.

Mövzunu Globalinfo.az-a şərh edən Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, VI çağırış Azərbaycan parlamenti növbədənkənar parlament kimi formalaşıb:

Hikmət Babaoğlu

“Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunduğu kimi noyabr ayının ilk bazar günü parlament seçkiləri keçirilməlidir. Parlament seçkilərinin keçirilməsinin irəli alınması məsələsi hüquqi baxımdan mümkündür, lakin siyasi qərarın necə olacağını bilmirik. Konstitusiyamıza əsasən proseslə bağlı ölkə prezidenti qərar qəbul edə bilər.

Artıq 4 ildir bu parlament fəaliyyət göstərir. Qanunvericiliklə bağlı Milli Məclisdə mühüm addımlar atılıb. Parlament ötən dövr ərzində fəal olub. Parlament diplomatiyası yeni diplomatiya kimi özünü təsdiq edib.

Milli Məclisin sədri Sahibə Qafarovanın çoxsaylı səfərləri, parlamentin komitə sədrlərinin, sədr müavinlərinin, üzvlərin prosesdə fəal iştirak etməsi yeni nümunə yaradıb. Dünyada baş verən proseslər kontekstində diplomatiya əlahiddə vasitəyə çevrilib deyə hazırda parlament diplomatiyasının üzərinə xüsusi vəzifələr düşür”.

AĞ Partiya başqanı Tural Abbaslının fikrincə, noyabr ayında “COP29”-un Azərbaycanda keçirilməsi və ilkin məlumata görə 70-80 min arasıxarici qonağın ölkəmizə gəlməsi gözlənilir:

Tural Abbaslı

“Beynəlxalq tədbir ərəfəsində parlament seçkilərinin keçirilməsi mümkün deyil. Dekabr ayında isə bələdiyyə seçkiləri baş tutacaq. Buna görə də təbliğat və təşviqat prosesi noyabr ayına düşəcək. Ölkə prezidentinin səlahiyyətlərinə başlaması prosesi fevral ayının sonlarına kimi davam edəcək. Mart ayının ortalarına qədər yeni kabinetin formalaşdırılması və nazirlərin işə başlaması prosesinə başlanılacaq. Bütün bu hesablamalar may, iyun aylarını parlament seçkilərinin keçirilməsi üçün ən məqbul vaxt edir”.

Tural Abbaslı deyib ki, Milli Məclisin tərkibi dəyişməlidir:

“Muzey eksponatına çevrilən və dövlətə, dövlətçiliyə, qanunvericiliyə heç bir fayda verməyən namizədlər pensiyaya göndərilməlidir. Yeni, gənc, amma özünü doğrultmayan deputatlar da parlamentdə təmsil olunmamalıdır. AĞ Partiya seçkilərə tam hazırlıqlı formada çıxmağa çalışır. Dairələr üzrə namizədlərin müəyyənləşməsi, təbliğat və təşviqatın qurulması və digər işlərlə bağlı ilkin hazırlıq prosesi gedir”.

“Ekodünya” Ekoloji və Sosial Araşdırmalar İctimai Birliyinin sədri, siyasi şərhçi Əziz Əlibəylinin sözlərinə görə, Azərbaycanda növbədənkənar olmayaraq parlament seçkilərinin keçirilməsi 2024-cü ilə təsadüf edə bilər:

Əziz Əlibəyli

“Konstitusiyamızın 98.1-ci maddəsində qeyd edilib ki, 2020-ci il növbədənkənar parlament seçkilərində seçilən Milli Məclis çağırışının səlahiyyət müddəti 5 ildən az ola bilər. Bu halda da növbəti seçkilər bu ilin noyabr ayının 3-nə təsadüf edir. Lakin bununla bağlı səlahiyyət ölkə prezidentindədir.

Digər tərəfdən 2024-cü ilin dövlət büdcəsində Mərkəzi Seçki Komissiyasına (MSK) ayrılan vəsait kəskin artıb. Seçkilər və digər statistika tədbirləri üçün 111 milyon ayrılıb. Bu, ötən illə müqayisədə 2 dəfə artıqdır. Bu il bələdiyyə seçkiləri keçiriləcək. “COP29”-la əlaqədar seçkilərin irəliyə çəkilməsi mümkündür. Bunu həm də yeni siyasi sistemin təşəkkülü, tərkib hissəsi kimi də nəzərdən keçirə bilərik.

Azərbaycanda majoritar və proporsional seçki sistemləri məsələsi daim müzakirə olunub. Hakim partiyanın təklifi ilə proporsional seçki sisteminin bərpasına da baxış ola bilər”.

MSK katibliyinin əməkdaşı Rüstəm Babayev Globalinfo.az-a deyib ki, növbədənkənar parlament seçkilərinin keçirilib-keçirilməməsi ilə bağlı ölkə rəhbəri sərəncam imzaladıqdan sonra daha geniş məlumat vermək mümkündür.

Safura Bənnayeva
Globalinfo.az