Ukrayna savaşı haqda acı gerçəklər üzə çıxır – Politoloq

Avropa İttifaqının qarşıdakı 4 il üçün Ukraynaya 50 milyard avroluq yardım paketini təsdiqləməsi rəsmi Kiyevin Rusiya qarşısında daha bir müddət duruş gətirməsinə hesablansa da, Zelenski hakimiyyəti artıq psixoloji olaraq çöküb və onun yenidən dirçəlməsi, toparlanması mümkün görünmür.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Elxan Şükürlü deyib.

Onun sözlərinə görə, son iki il ərzində Qərb tərəfdaşlarının Ukraynaya ayırdıqları 203 milyard dolların fonunda avropalıların qarşıdakı 4 il üçün 50 milyard – ilə 12,5 milyard avro ayırmağı nəzərdə tutmalarının cəbhə xəttində heç nəyi dəyişməyəcəyi gerçəyini təkcə Zelenski yox, artıq içərisinə dərin çat düşmüş komandası, elə sadə ukraynalı da çox yaxşı anlayır:

“Üstəlik, Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin xalq tərəfindən sevilən komandanı Zalujnı arasında münasibətlərin getdikcə kəskinləşməsi, indiyədək gizlədilən, ört-basdır edilən komandadaxili ziddiyyətlərin mətbuat səhifələrinə daşınması və rəsmi təsdiqi 2023-cü il iyunun 4-dən başlanan və iflasla bitən uğursuz əks-hücum qədər Ukrayna cəmiyyətinin əhvalına mənfi təsir göstərib. Xüsusilə də cəbhə xəttində böyük itkilərlə müşayiət olunan acı gerçəklərin üzə çıxması indiyədək büsbütün yalan və şişirdilmiş rəqəmlər üzərində qurulmuş və bütün dünya boyu aparılan Qərb təbliğatını ifşa etməklə yanaşı, Ukrayna cəmiyyətinin özündə də çox böyük məyusluq və qəzəb hissi yaradır. Bu hal son 5 ayda Ukrayna əhalisinin müharibəni davam etdirməyə əvvəlkitək həvəsli olmamasında, orduya çağırışdan kütləvi yayınma faktlarında, xaricə qeyri-leqal yollarla köçün sürətlənməsində və xaricdəki ukraynalıların öz vətənlərinin müdafiəsinə dönmək istəməmələrində özünü aydınca göstərir”.

Elxan Şükürlü

Siyasi şərhçi bildirib ki, son 2 ildə ABŞ və Avropa tərəfindən qızışdırılaraq Rusiyaya qalib gələcəyi əhvalına köklənmiş və itkilərinə soyuqqanlı yanaşan Ukraynanın nəinki bu qədər hərbçi resursu yoxdur, üstəlik, dünənədək bu savaşa öz evini qorumaq hissi ilə yanaşan əzmkar və döyüşkən Ukrayna xalqı elə öz rəhbərliyinin əli ilə aldadıldığının, daha çox itirdiyinin fərqindədir:

“İndi onlar hamıdan daha yaxşı dərk edirlər ki, bu, ukraynalıların azadlıq savaşı yox, ABŞ-ın Putin Rusiyasını zəiflətmək, NATO-nu parçalanmaqdan xilas etmək, Avropanı öz çətiri altında qoruyub saxlamaq üçün Ukraynadan istifadə etdiyi və sonda da qurban verdiyi bir əməliyyatdır; müharibənin də taleyini ukraynalılar yox, amerikalılar həll edir! Tarix sübut edir ki, özünün olmayan savaşda qalib gəlmək əzmi və iradəsi heç vaxt öz savaşıntək olmur! Ukrayna indi özünün olmayan savaşın ağrılarını daşıyır və bu, addım-addım onu uğursuzluğun məsuliyyət axtarışlarına itələyərək, vətəndaş qarşıdurmasına, parçalanmaya və çevrilişə aparır”.

Leyla Əlisoy
Globalinfo.az