Ermənistan bir dövlət kimi çökə bilər – Ovannisyan

“Ermənistan bir dövlət kimi çökə bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni politoloq Vahe Ovannisyan fikir səsləndirib.

“Qorxuram ki, Ermənistan bir dövlət kimi məhv ola bilər. Doğrudur, 21-ci əsrdə bu, qeyri-mümkün görünür. Lakin Suriya və Ukrayna beləcə dağıldı”, – Ovannisyan vurğulayıb.

Erməni politoloqun fikrincə, “Artsax” məsələsində heç nə edə bilməyən xalqın Ermənistanın süqutunu dayandıracağına dair heç bir zəmanət yoxdur.

“Dəyişikliyin baş verməsi üçün biz özümüzü, daxili siyasi mübarizənin formatlarını dəyişməliyik. Konstitusiyanın, himnin və gerbin dəyişdirilməsini gündəmə gətirməklə indiki hakimiyyət hər kəsin seçim qarşısında qalacağını göstərmək istəyir. Onlar simasız, prinsipsiz, yaddaşı olmayan yeni Ermənistan yaradırlar. İndiki rejim ancaq cəmiyyətin fəaliyyətsizliyi sayəsində hakimiyyətdə qalır. Odur ki, şəxsi ambisiyaları bir kənara qoyub cəmiyyəti konsolidasiya edə bilən moderator lazımdır. Belə bir adam olsa, onun adı Ermənistanın tarixinə qızıl hərflərlə yazılacaq”, – deyə Ovannisyan fikirlərini tamamlayıb.

Əliyar Xəlil,

Globalinfo.az