Ovanisyandan “dəhşətli müharibə” anonsu: “Yeni savaş ərəfəsindəyik”

Ermənistan yeni müharibə ərəfəsindədir və bu, 44 günlük savaşdan fərqlənəcək.

Globalinfo.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Ovanisyan deyib.

Onun sözlərinə görə, 13 sentyabrdakı toqquşma Azərbaycana Ermənistanın daxilindəki hava hücumundan müdafiə sistemlərinin yerlərini müəyyən etməyə imkan verdi:

“Azərbaycan saxta zərbə PUA-ları ilə hava hücumundan müdafiə sistemlərinin yerini müəyyən etməyə çalışdı ki, sonra onlara zərbələr endirsin. Sistemlərin tam şəkildə istifadə edilməməsi taktiki əhəmiyyət daşıyırdı, çünki sonra nə olacağını bilirdik. Əgər bütün arsenalı istifadə etsəydik, yəqin ki, İrəvan səması da müdafiəsiz qalacaqdı”.

O, Azərbaycanda Ermənistanın istənilən nöqtəsini vura biləcək silahların olduğunu söyləyib. Ovanisyan hazırda Azərbaycan üçün əsas məsələnin Qarabağdan çox Zəngəzur dəhlizi olduğunu iddia edib:

“Zəngəzur dəhlizi ilə bağlı söhbətlər 2020-ci ilin sonlarından davam edir. Bu o deməkdir ki, Ermənistanın qüvvələrini bölüb savaşa hazırlaşmaq üçün vaxtı olub. Əgər Ermənistan müharibəyə Azərbaycan səviyyəsində hazırlaşsaydı, savaşdan qaçmaq mümkün olardı”.

Qeyd edək ki, Azərbaycan müharibədən sonra Ermənistana sülh əlini uzatsa da, rəsmi İrəvan müxtəlif şərt və bəhanələrə bu prosesdən yayınır. Bununla yanaşı, bəzi erməni hərbi ekspertləri də zaman-zaman Azərbaycanla Ermənistan arasında yeni, daha dəhşətli müharibənin olacağını iddia edirlər.

İlkin
Globalinfo.az