Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində 9 qəsəbə su altında qalıb.
Globalinfo.az xəbər verir ki, bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, daha üç qəsəbənin su altında qalma təhlükəsi var.
Orenburq vilayətinin qubernatoru Denis Pasler Orskda 4 400-dən çox evin su altında qaldığını bildirib.
Rusiya Dövlət Təhsil Universitetinin tibb fakültəsinin müəllimi, cərrah Aleksandr Umnov NEWS.ru-ya müsahibəsində bildirib ki, Orsk şəhərində vəba, dizenteriya və salmonellyoz epidemiyası baş qaldıra bilər.
“Daşqın səbəbindən fekal-oral yolla ötürülən və əksər hallarda mədə-bağırsaq traktı orqanlarına təsir edən xəstəliklərin yayılması mümkündür. Məsələn, vəba, dizenteriya, salmonellyoz, rotavirus infeksiyası. Üstəlik, su basmış binalarda kif əmələ gələ bilər ki, bu da bəzi evləri yaşayış üçün yararsız hala sala və ya əsaslı təmir tələb edə bilər”, – deyə Umnov əlavə edib.
Qeyd edək ki, bu gün Orsk şəhərində su anbarı tamamilə dağılıb. Bildirilib ki, Aktübinsk su anbarından axan suyun da həcmi artıb. Eyni zamanda Orenburqun yaxınlığındakı Çelyabinsk vilayətinin 4 rayonunda və Trotski şəhər dairəsində də daşqın səbəbindən fövqəladə vəziyyət elan edilib.