fazil 2

“Biz mahiyyət etibarilə Avropa dəyərlərinə yaxın dövlət quruluşuna və həyat tərzinə malik olsaq da, qadına münasibətdə bəzi Şərq cəmiyyətlərinə xas yanaşmalar hələ də qalmaqdadır. Tarix dəfələrlə göstərib ki, qadının təhsilinə, hüquqlarına və cəmiyyətdə iştirakına məhdudiyyət qoyulan cəmiyyətlər ciddi problemlərlə üzləşirlər”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Fazil Mustafa deyib.

“Bu baxımdan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bu qurum əslində cəmiyyətin böyük hissəsini əhatə edən məsələlərlə məşğul olur və mən onun səlahiyyətlərinin daha da genişləndirilməsinin tərəfdarıyam.

Zorakılıq, qısnama, erkən nikah, boşanma halları ilə yanaşı, sosial tədqiqatların və monitorinqlərin aparılması da vacibdir. Çünki intihar hallarının, təhsildən yayınmanın, erkən nikahların və ailə problemlərinin səbəblərini araşdırmadan onların qarşısını almaq çətindir”, – deyə o bildirib.

Millət vəkili qeyd edib ki, qadınların cəmiyyətdə rolunun artırılması üçün rəhbər və qərarverici vəzifələrdə daha çox təmsil olunmasına ehtiyac var:

Məhkəmə, idarəetmə və digər sahələrdə qadınların sayı artırılmalıdır. Hesab edirəm ki, qadınların peşəkarlığı, idarəçilik qabiliyyəti və sosial məsuliyyəti bir çox hallarda yüksək nəticələr verir. Eyni zamanda, qadın sahibkarlığı dəstəklənməli, qadınların rəhbərlik etdiyi qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün daha geniş imkanlar yaradılmalıdır. Bu sahədə təcrübəsi və potensialı olan çox sayda qadın cəmiyyət üçün faydalı layihələr həyata keçirə bilər. Demoqrafik məsələlər də diqqətdə saxlanılmalıdır. Çoxuşaqlı ailələrə dəstək mexanizmlərinin genişləndirilməsi və sosial təşviq tədbirlərinin gücləndirilməsi ailə institutunun möhkəmlənməsinə töhfə verə bilər.”

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: