qudret hesenquliyev 1

“Azərbaycanda insanların əsas narazılığı məhkəmə sistemi ilə bağlıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, vətəndaşlar məhkəmələrin ədalətli qərarlar vermədiyini və ədalətə nail ola bilmədiklərini qeyd edirlər:

“Bu problem mütləq həllini tapmalıdır. Güclü və müstəqil məhkəmə sistemi olmadan ölkədə sosial ədalətin təmin olunması mümkün deyil. Heç bir ombudsman bu funksiyanı məhkəmələrin əvəzinə yerinə yetirə bilməz. Fevralın 26-da Baş nazir tərəfindən İqtisadi Şuranın iclası keçirilib və iclasda məhkəmə-hüquq sahəsinə dair məsələlər müzakirə olunub. İclas zamanı Ali Məhkəmənin sədrinin əyləşdiyi yer diqqət çəkib və bu, müəyyən mesaj xarakteri daşıyır. Məhkəmə sisteminin rəhbəri olan şəxs protokol baxımından daha uyğun mövqedə təmsil olunmalı idi. Baş nazirin yanında oturmalı olduğu halda, nazirlərlə bərabər oturmuşdu. Bu, yaxşı təəssürat yaratmır”.

Millət vəkili həmçinin vurğulayıb ki, məhkəmələrdə süründürməçilik halları ilə bağlı illərdir müraciətlər daxil olur:

“Bu problem hələ də tam həllini tapmayıb. Sahibkarlar uzun illər ərzində öz hüquqlarını məhkəmələrdə effektiv şəkildə müdafiə edə bilmirlər. Digər narahatedici məqam isə “vicdanlı alıcı” məsələsidir. Saxta sənədlər əsasında daşınmaz əmlaka çıxarış verilir, torpaqlar üçüncü şəxslərə satılır və nəticədə həqiqi mülkiyyətçi öz əmlakını geri ala bilmir. Ona bildirilir ki, əmlak artıq vicdanlı alıcının mülkiyyətindədir. Halbuki, məhkəmələrin əsas vəzifəsi ədaləti təmin etmək və hüquqları qorumaqdır. Ombudsman da məhz bu kimi sistemli problemlərə xüsusi diqqət yetirməlidir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: