O dəhliz Ermənistanın kaprizinin üstündən keçəcək – Rusiyanın da razılaşdığı Turan yolunu kim bağlaya bilər?

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdulkadir Uraloğlu bildirib ki, Türkiyə 2029-cu ilə qədər Zəngəzur dəhlizinin yaradılması layihəsinin həyata keçirilməsinə ümid edir. O əlavə edib ki, Ermənistan ərazisindən keçən hissə istisna olmaqla, Horadizdən Ordubada qədər olan hissədə tikinti işləri davam edir. Naxçıvan Muxtar Respublikasını Türkiyə ilə birləşdirən 100 km-ə yaxın mövcud yolun yenidən qurulması tələb olunacaq. Onun davamı İğdır-Qars dəmir yolu olacaq. Bu dəmir yolu xətti üzrə artıq tender prosedurları aparılıb və tikintisinə bu il başlanacaq.

Əbdulkadir Uraloğlunun proseslə bağlı dəqiq tarix verməsi isə Ermənistan amilinin prosesdə rol oynayıb-oynamayacağı ilə bağlı suallar doğurur.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azad Vətən Partiyasının sədri, politoloq Akif Nağı bildirib ki, Zəngəzur dəhlizi həm siyasi, həm də iqtisadi layihədir:

Akif Nağının partiyası qeydiyyata alındı – Novator.az

Akif Nağı

“Əbdulkadir Uraloğlu məsələnin iqtisadi cəhətini vurğulayır. Bu yolun çəkilməsi üçün Azərbaycandan Horadiz, Ağbəndə qədər olan hissədə işlər davam etdirilir. Ermənistan, Naxçıvan və Türkiyədən keçəcək hissələrin hazır olması isə vaxt və maliyyə tələb edir. Bütövlükdə həmin yolun işləməsi nəzərdə tutulur. 2028-29-cu illər gözlənilməməlidir. Azərbaycanla Naxçıvan arasındakı hissədə proses sürətlənməlidir. Həmin tarix iqtisadi hesablamalara əsasən gündəmə gətirilib.

Ermənistan rəsmilərinin son açıqlamalarında kommunikasiyaların açılmasında maraqlı olduqları görünür. Lakin dəhlizin Ermənistan ərazisindən keçən hissəsinin özlərinin suveren hüquqları altında olmasında maraqlıdırlar. Əslində nə istədiklərini heç özləri də başa düşmür.

Rəsmi Bakının həmin yoldan maneəsiz gediş-gəlişin təmin olunması ilə bağlı şərtinə İrəvan hakimiyyəti razılıq verib, detalları ilə bağlı müzakirə aparılacağını diqqətə çatdırıb”.

Akif Nağı prosesdə Rusiya amilinin olduğunu da diqqətə çatdırıb:

“2020-ci il 10 noyabr bəyannaməsinə əsasən Rusiya xüsusi xidmət orqanları dəhlizə nəzarət etməlidir. Ermənistan rəhbərliyi də bu sənədə imza atıb. İndi bundan geri çəkilməyə çalışırlar. Rəsmi Moskva mövqeyində israrlı olsa da, Azərbaycan və Türkiyənin yanaşması ilə hesablaşır. Yəni mümkün qədər tez zamanda dəhliz fəaliyyətini bərpa etməli, azərbaycanlılar üçün xüsusi şərtlər öz əksini tapmalıdır”.

Safura Bənnayeva
Globalinfo.az