“O çəkiclər Talıbov bütünə vurulan qəzəb zərbələri idi” – Elxan Şükürlü

Naxçıvan Muxtar Respublikasında baş verən hadisələr hələ də ölkə mətbuatının başlıca mövzusu olaraq qalır. Xüsusən də Talıbovların aqibətinin necə olacağı, Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin 27 illik “Talıbovlar klanı” ilə bacarıb-bacarmayacağı hər kəsin cavab tapmağa çalışdığı suallardır.

Elə biz də bölgə ilə bağlı hamını maraqlandıran suallara əslən Naxçıvandan olan siyasətçilərdən birindən – Ədalət Partiyasının sədr müavini, keçmiş jurnalist Elxan Şükürlüdən cavab almaq istədik:

– Elxan bəy, yanvarın 22-də Fuad Nəcəflinin Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəsi təyin edilməsininin 1 ayı tamam olacaq. Onun gəlişindən sonra indiyədək Naxçıvanda nə kimi dəyişikliklər olub?

– Bir aylıq zaman yeni təyin olunan rəhbər şəxsin fəaliyyətinin qiymətləndirilməsi üçün çox kiçik müddətdir. 27 il ərzində formalaşmış və artıq vərdişə çevrilmiş idarəçilik üsulunun dəyişdiyini və bu dəyişikliklərin də insanların həyatına nə kimi təsir göstərdiyini dəqiqliyi ilə qiymətləndirmək üçün xeyli zaman tələb olunur. Ancaq bu bir aylıq zaman onu göstərir Fuad Nəcəfli doğru kurs seçib və işinə də çox yaxşı başlayıb.

Talıbov xalqdan, sadə bir kəndli ailəsindən çıxsa da, sonradan xalqıyla özü arasına keçilməz sədd çəkmişdi, xalqla davamlı təmas saxlamırdı və özünü xalqdan üstün tutmağa başlamışdı. Heç uzağa getməyin, baxın, Talıbovun hansısa açılışlar zamanı keçirdiyi görüşlərə – atası, babası yaşda ağsaqqalları Naxçıvanın adət-ənənələrinə zidd olaraq “Farağat!” komandasında durmuş əsgər kimi qarşısına düzdürür, özünü onlara təriflətdirirdi ki, bu da bir rəhbərin psixologiyası, kompleksləri haqda çox aydın, həm də xoş olmayan təəssürat yaradır.

Naxçıvanda son 27 ildə mövcud olmuş idarəçiliyin təməlində savad, intellektuallıq, mədəniyyət yox, insan şəxsiyyətinin sındırılması, insan ləyaqətinin alçaldılması və qorxu xofunun yaradılması prinsipi dururdu. Adamların çoxu buna görə öz doğma yurdlarını tərk etməyə məcbur idilər.

Fuad Nəcəfli isə ilk gündən göstərir ki, o, camaatı daha da sıxmaq və qorxutmaq yox, xalqla yaxınlaşmaq, problemləri birbaşa onların öz dilindən eşitmək xətti seçib. Bu, xeyli çətinliklər və risklər yaratsa da, bir rəhbər üçün doğru kursdur, mütləq inkişaf etdirilməlidir. Rəhbər şəxs, ilk növbədə, savadı, səviyyəsi, mədəniyyəti, xalqla xoş rəftarı ilə seçilməlidir. Naxçıvanlılar 27 ildir yüksək səviyyəli rəhbər həsrətində olublar. Uzun müddət yaradılmış qorxu xofundan əksəriyyət danışmağa cəsarət etməsə də, ağıllı və ləyaqətli naxçıvanlılar yaxşı bilirdilər ki, Talıbovdan onlara rəhbər olmaz…

– Ancaq Talıbov düz 27 il Muxtar Respublikanın rəhbəri oldu, üstəlik, onun komandasının üzvləri hələ də Naxçıvanda hakimiyyətdədilər. Özünüzün də vurğuladığınız kimi, qorxu xofu üzərində qurulmuş 27 illik bir hakimiyyət yeni rəhbərliyə problemlər yaratmayacaq ki?

– Naxçıvanı Talıbova verən də, indi yenidən geri alan da bura – mərkəzi hakimiyyət olub. Hamımız bilirik ki, Talıbov hansısa fövqəladə qabiliyyətinə, bacarığına görə deyil, məhz prezident Heydər Əliyev tərəfindən 1995-ci ildə Muxtar Respublikaya rəhbər təyin edilmişdi. Keçmiş xidmətləri nəzərə alınaraq, prezident İlham Əliyevin dövründə də o vəzifədə qorunub saxlandı. Üstəlik, ona fövqəladə imtiyaz verilmişdi, buradakı bütün dövlət qurumlarına da qeyri-rəsmi şəkildə Talıbovun göstərişlərini yerinə yetirmək tapşırılmışdı. Məsələn, Talıbovun Naxçıvanda vəzifədən çıxardığı və yaxud xoşlamadığı şəxsə heç kim onun öz razılığını almadan Bakıda iş verə bilməzdi. Yaxud Talıbovun əleyhinə danışan, yazan şəxsi istənilən vaxt sorğu-sualsız buradan tutub aparıb ona təhvil verərdilər… Yəni, Talıbov dövlət içərisində hədsiz geniş imtiyaza, səlahiyyətlərə sahibi idi. Ancaq zaman keçdikcə, o, bu səlahiyyət və imtiyazlara özünün nail olduğunu düşündü, yersiz iddialara düşdü və bu yersiz iddiaları da onun sonunu gətirdi.

Talıbovun bütün qüdrəti əyləşdiyi stula və mərkəzi hakimiyyətin dəstəyinə bağlı idi. O stul və dəstək yoxdursa, artıq onlar heç kimdirlər… Baxın, 27 il rəhbər vəzifədə olub, bu gün bir nəfər də olsun, çıxıb onun müdafiəsinə qalxmır, dünənədək ona yaltaqlıq edənlər, müticəsinə göstərişlərini icra edənlərin hamısı isə indi onun üzünə dururlar, əleyhinə ifadə verirlər.

Bu, özünü xalqdan üstün tutan, vəzifədə olduğu müddətdə xalqı aşağılayan bütün qabiliyyətsiz və xaraktersiz rəhbərlərin sonda düçar olduqları ağır faciə və sonluqdur. Tarix belə nümunələrlə doludur, ancaq bunlar savadsız və bəsirətsiz adamlar olduqlarından, tarixdən nəticə çxarmırdılar…

– Əksəriyyət bu qənaətdədir ki, Talıbovların Muxtar Respublikadakı 27 illik şəbəkəsi zərərsizləşdirilməzsə, onlar yeni rəhbərliyin gördüyü işləri sabotaj edəcəklər və 1-2 il sonra elə hamı Talıbovlar dönəmini arzulayacaqlar. Siz necə düşünürsünüz?

– 2019-cu ildən üzü bəri aparılan kadr islahatlarının təcrübəsi göstərir ki, vəzifədən uzaqlaşdırılanlar yerlərinə gələnlərin qabiliyyətsiz, işbilməz və özlərinin də əvəzedilməz olduqlarını göstərmək üçün əsasən bir neçə üsula əl atırlar. Birincisi, xaricdə “blogger” adı altında yerləşdirilmiş adamlara informasiyalar, kompromatlar sızdıraraq, hakimiyyəti şantaj edir, yeniləri söyüş və təhqirlərlə aşağılamağa, qorxutmağa və beləliklə, özlərindən diqqəti uzaqlaşdırmağa çalışırlar.

İkincisi, ən çox əl atdıqları isə maliyyə xəyanətidir. Hakimiyyətdə olduqları uzun illər ərzində xalqdan talayıb topladıqları pulları ortaya çıxarmaqdan yayınır, xaricə daşıyır, zamanı uzatmağa can atırlar.

Bu adamların özləri yox, topladıqları o çirkli pullar istənilən hakimiyyətə ən böyük təhlükədir. Öz sıralarında şəxsiyyətcə bütöv və qabiliyyətli, cəmiyyətin dəstəyini qazana biləcək lider tip adamlar olmadığından, onlar çalışacaqlar ki, hakimiyyətə müxalif şəxslərə dəstək verib, onları ortaya salsınlar, cəmiyyəti qarışdırsınlar ki, özləri o qarışıqlıqda unudulsunlar. Bunun işartıları görünür artıq…

Əlbəttə, eyni halın Naxçıvanda da təkrarlanma ehtimalı böyükdür. Naxçıvan əhalisi ölkənin siyasi baxımdan ən aktiv və passionar təbəqəsi sayılır, vurulan oliqarxların özlərinə haqq qazandırmaq və pozuculuq işi aparmaq üçün dolayı yollarla camaatımızdan yararlanmağa can atacaqları, onları bilərəkdən ən müxtəlif kanallarla hansısa radikal hərəkətlərə və siyasi cinahlara yönləndirməyə istiqamətləndirəcəkləri də istisna olunmur. Göstərməyə çalışacaqlar ki, bu camaat daim elə zopa və qorxu altında saxlanmalıdır, yumşalmaya getmək olmaz və bununla da Talıbova və digərlərinə haqq qazandırmağa çalışacaqlar.

Ancaq elə bilirəm, mərkəzi hakimiyyət, dövlətin hüquq-mühafizə və təhlükəsizlik qurumları bütün bunları hesablayır və gərəkli önləyici tədbirlərini də indidən görürlər. Ciddi nizam-intizamı, verilən göstərişləri qüsursuz yerinə yetirmək bacarığı və mərkəzi hakimiyyətə sədaqəti ilə seçilən Süleyman Nemətovun Naxçıvan Daxili İşlər naziri təyin edilməsi, DTX-nın Naxçıvandakı rəhbərliyinin Bakıdan gedən peşəkar heyətlə tam şəkildə əvəzlənməsi təsdiqləyir ki, hakimiyyət bütün riskləri nəzərə alır: DTX beyin mərkəzi funksiyasını yerinə yetirəcək, polis əməliyyat şəraitini operativ qaydada nəzarətdə saxlayacaq və sabitliyi təmin edəcək, Fuad Nəcəfli isə prezidentin onun qarşısına qoyduğu tapşırıqlar üzrə üzərinə düşən vəzifəni həyata keçirəcək. Yetər ki, hər biri işinə vicdanla və məsuliyyətlə yanaşsınlar. Hər hansı pozuculuq hərəkəti, sabotaj olacaqsa da, dərhal qarşısı alınacaq. Tədricən, zamanla rəhbər kadr heyəti yenilənəcək və mərkəzi hakimiyyətə tabe etdiriləcək.

– Naxçıvanın muxtariyyət statusunu ləğvini gözləyirsinizmi?

– Hər şey ona doğru gedir. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziyalara müsahibəsində artıq yeni idarəetmə mexanizminin tətbiqinin nəzərdə keçirildiyinin anonsunu verdi. Gözlənti var ki, 2023-cü ildə Konstitusiya dəyişikliyinə, ardınca da ona uyğun geniş idarəetmə, struktur və kadr islahatlarına gedilsin.

 

– Bugünlərdə sizin doğulduğunuz Kolanı kəndində Vasif Talıbovun göstərişi ilə çəkilmiş hasarlar söküldü və mediada, sosial şəbəkələrdə geniş işıqlandırıldı. Yaxşı, bu hasarlar niyə çəkilmişdi və niyə də söküldü? Ümumiyyətlə, kəndinizin problemi bir bu idimi?

– Bütün Naxçıvan üçün xarakterik olan problemlər kəndimizdə də mövcuddur, inşallah, zamanla bir-bir həllini tapacaq. Hasarlar isə tam sökülməyib, sadəcə, magistral yola çıxışları bağlanmış evlərə gediş-gəliş üçün qapı yerləri açılıb. Bu hündür hasarlar büdcədən pul oğurlamaq məqsədi ilə çəkilmişdi və heç bir ciddi əsaslandırması da yox idi. Adını qoymuşdular ki, camaatımızın mal-qarası yola çıxır, yolu zibilləyir və yolun zibillənməməsi üçün də evlərin yola çıxan qapılarını bağlamışdılar, hasarı da xeyli hündür etmişdilər ki, köhnə evlər görünməsin. Çünki Talıbov göstəriş vermişdi ki, kənd həyatının əsas atributları olan qalaqlar, ot tayaları, təndirlər, tövlələr görünməsin. Kənd yerində mal-qara, ot tayası, təndir, tövlə olar də… İndi nə edək ki, Qarabağdan və Zəngəzur üzərindən keçib Qara və Aralıq dənizi sahillərinədək uzanan magistral yol düz kəndimizin ortasından keçir. Bu yol əslində tarixən kəndimizin məskunlaşmasında və iqtisadi həyatında çox böyük rol oynayıb, Ermənistan üzərindən yol açıldıqdan sonra kəndimizin inkişafında da çox böyük rol oynayacaq. Fuad Nəcəfli özü də bizim kənddən olduğundan, bu hasarların kənd camaatına hansı problemlər yaratdığını yaxşı bilirdi. Ona görə də gələn kimi, göstəriş verdi ki, hasarlara qapı yerləri açılsın… Həmkəndlilərimin qəzəblə əllərindəki dəmir çəkiclərlə, kuvalt və lomlarla o daş hasarları dağıtmasında isə çox tarixi, ibrətamiz və həm də simvolik bir məna var…

– Nəyi nəzərdə tutursunuz?

– Qədim Babailin ən zalım hökmdarı olmuş Nəmrud camaatın avamlığından və özünün hökmdar səlahiyyətindən istifadə edərək, özünü Allah elan etmişdi. Ona qarşı mübarizə aparan və təkallahlığı təbliğ edən İbrahim peyğəmbər isə öz camaatını inandıra bilmirdi ki, Nəmrud adi bir hökmdardır, Allah deyil, ona sitayişdən çəkinsinlər. İbrahim peyğəmbər axırda bezib, bir gün əlindəki balta ilə Nəmrudun da heykəlinin saxlandığı məbədə girdi və məbəddə saxlanan bütlərin hamısının başını çapdı, onları vurub dağıtdı. Adamlar gəlib gördülər ki, onların müqəddəs, toxunulmaz saydığı bütlər Allah deyilmişlər, adi daş və odun parçalarıymış. Beləliklə, bütpərəstliyə qarşı bir mübarizə başlandı. İndi bizim kəndin sakinləri də Talıbovun çəkdirdiyi və 10 ildir toxunulmaz sayılan o hasarları baltalayıb özlərinə qapı açmaqla bütün Azərbaycana nümayiş etdirdilər ki, artıq Talıbov erası bitib, Talıbov bütü ölüb, Naxçıvana isə artıq azadlıq qapıları açılır. O çəkiclər Talıbov bütünə vurulan qəzəb zərbələrinin, yola açılan qapılar isə azadlığın və ədalətin Naxçıvana gəldiyinin simvolu idi.

– Sizcə, Talıbov axı niyə bu qəzəbə gəldi, aqibəti necə olacaq, həbsə atılacaqmı?

– Həyat sübut edir ki, əksər hallarda layiq olmayan adam yüksək səlahiyyətli vəzifəyə gətirildikdən az sonra onda tarazlıq hissinin pozulması halı baş verir, özünütənqid keyfiyyətini itirir və belə adamlar reallıqlardan tamam uzaqlaşaraq, özünü əvəzolunmaz, hər şeyə qadir, hamıdan güclü şəxs zənn edirlər. Talıbov da reallıq hissini itirdi, yersiz iddialara düşdü. Zamanında geri çəkilə bilməmək və özünəvurğunluq, şöhrət və sərvət hərisi olmaq onun da, oğlanlarının da rüsvayçı sonlarını gətirdi. Hər kəs bilir ki, Talıbovların qələmini qıran prezident İlham Əliyevin özüdür və aqibətlərinin necə olacağına da Prezident qərar verəcək. Çünki digər oliqarxların zərərsizləşdirilməsi təcrübəsi göstərir ki, bu məsələlərdə qanunlarımızın tələbi yox, Prezidentin iradəsi əsas götürülür. Qanunla davranılsaydı, gərək, indiyədək hamısı həbs olunardı… Məsələn, Sinqapurda məşhur islahatçı Li Xuan Yu ölkəsini korrupsiya bataqlığından, oliqarxların çəngindən çıxarmaq, islahatlarla dirçəltmək və qanunun aliliyini təmin etmək işinə öz yaxın qohumlarını nümayişkaranə şəkildə cəzalandırmaqdan başlamışdı və çox gözəl də nəticə əldə etdi. Məncə, bizdə də belə olmalıdır.

Zaira Akifqızı

Globalinfo.az