zelenski 1

ABŞ nümayəndələri son danışıqlar zamanı Ukraynadan Donbas regionundan hərbi qüvvələrini geri çəkmək müqabilində NATO-ya üzvlüyə razı olub-olmayacağını soruşublar.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Amerika rəsmiləri belə bir məsələni son diplomatik təmaslar zamanı ilk dəfə gündəmə gətiriblər.

Zelenski qeyd edib ki, Kiyev Ukraynanın suveren ərazilərindən geri çəkilmək və onları təslim etmək niyyətində deyil. Bununla belə, NATO üzvlüyü, hüquqi baxımdan məcburi təhlükəsizlik təminatları və ölkənin bərpası üçün maliyyə dəstəyini əhatə edən konkret təklif olsa, bu məsələ Ukrayna cəmiyyətinin müzakirəsinə çıxarılacaq.

“Əgər Amerika tərəfi bunu digər NATO müttəfiqləri ilə birlikdə bizim üçün təsdiqləsə, onda cəmiyyətimizin rəyini soruşacağam: bunu qəbul edirik, yoxsa etmirik? Mənim öz mülahizəmə əsasən belə bir addım atmamağa haqqım yoxdur. Lakin konkret detallar olmalıdır. Hələlik belə detallar yoxdur və bütün bunlar müzakirə mərhələsindədir”, – deyə Zelenski bildirib.

Ukrayna prezidenti eyni zamanda vurğulayıb ki, ölkəsi işğal altında olan ərazilərin Rusiyanın tərkib hissəsi kimi hüquqi tanınmasına heç bir halda razılıq verməyəcək.

“Əgər belə bir təklif olsa, prezident kimi cəmiyyətlə açıq dialoqa başlayacağam və deyəcəyəm: baxın, hazırda vəziyyət belədir, bütün tərəfdaşlar bu məsələdə necə bir mövqe tutublar və gələcək üçün hansı yanaşmanı təklif edirlər. Şübhəsiz ki, işğal olunmuş ərazilərin Rusiya ərazisi kimi tanınması olmadan”, – Zelenski əlavə edib.

Paylaş: