Nürnberq məhkəməsinin azərbaycanlı tərcüməçisi vəfat etdi

Əfsanəvi jurnalist, “Sovinformbüro”nun keçmiş baş redaktoru, Nürnberq prosesi zamanı tərcüməçi olmuş Ənvər Məmmədov 100 yaşında vəfat edib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

O, 1923-cü il avqustun 15-də Bakıda müəllim ailəsində anadan olub.

Atası, Məmmədov Nazim Rauf oğlu repressiya olunub və 1949-cu ildə həbsxanada vəfat edib. Ölümündən sonra bəraət alıb. Anası Olqa Alekseyevna İvanova makinaçı-kargüzar işləyib.

Yeddinci sinifi bitirdikdən sonra Ənvər Məmmədov çilingər köməkçisi işləməyə başlayıb, məktəbi bitirdikdən sonra isə 1941-ci ilin iyun ayında aviasiya məktəbinə müdavim kimi qəbul olunmuşdur. Lakin, tezliklə zədə ilə əlaqədar məktəbdən xaric olunmuşdur. Bundan sonra Bakıya qayıtmış və Qızıl Ordu Baş qərargahının kəşfiyyat xidmətində hərbi tərcüməçi kurslarına göndərilmişdir. Böyük Vətən Müharibəsində iştirak etmişdir.Ənvər Məmmədov İkinci Dünya müharibəsində iştirak edib.

Oğlu Məmmədov Georgi Ənvəroviç fövqəladə və səlahiyyətli səfir dərəcəsində diplomatdır.

Ə.Məmmədov SSRİ Xarici İşlər üzrə Xalq Komissarlığında işləyib, Nürnberq məhkəmələrində tərcümə agentliyinin rəis müavini kimi iştirak edib. 1950-ci ilin fevralına kimi Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 1956-cı ilə qədər Radio Komitəsinin baş redaksiyasının baş redaktoru (xaricdə yayımlanan) vəzifəsində çalışıb.

1956-1959-cu illərdə Sovet İttifaqının Vaşinqtondakı səfirliyinin nazir-müşaviri, SSRİ jurnalının baş redaktoru olub. 1959–1960-cı illərdə “Sovinformbüro”nun baş redaktoru və sədrin birinci müavini, 1962-1985-ci illərdə – SSRİ Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin birinci müavini olub.

Yeddi orden və on medalla təltif olunub, ingilis, alman, italyan və fransız dillərini bilib.