Niger Fransa ilə hərbi sazişi ləğv etdi

Nigerdə hakimiyyəti ələ keçirən xunta Fransa ilə hərbi sazişdən çıxdığını və ölkənin Paris, Vaşinqton, Abuca və Lomedəki səfirlərinin səlahiyyətlərinin ləğv olunduğunu bildirib.

Globalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, avqustun 3-də qiyamçıları dəstəkləyən minlərlə fəal paytaxt Niameyin küçələrinə çıxaraq Fransa əleyhinə şüarlar səsləndirib. Nigerdə Fransanın France 24 telekanalının və RFI radiosunun yayımı da dayandırılıb.

Qiyamçılar konstitusiya qaydasının bərpa olunmasını tələb edən Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) hərbi müdaxiləsinə lazımi cavab verəcəkləri ilə hədələyib. Dünən axşam saatlarında Nigerı gələn qərbi afrikalı vasitəçilər xuntanın rəhbəri Abdurahman Çhiani ilə görüşmədən ölkəni tərk ediblər.

Nigerin vəzifədən kənarlaşdırılan prezidenti Məhəmməd Bazum isə hərbi çevrilişdən sonra verdiyi ilk bəyanatında “Vaqner” qruplaşmasının köməyi ilə mərkəzi Sahel regionunun tamamilə Rusiyanın təsir dairəsinə düşə biləcəyini deyib.