Nazirin “3 istiqamət” eyhamı: antiterror əməliyyatları başlayır?

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT toplantısında deyib ki, Azərbaycanla Ermənistan sülhün astanasındadırlar. O, həmçinin Ermənistanda 3 istiqamətdə fikir ayrılığının olduğunu bildirib. Buna baxmayaraq, Qarabağdakı erməni silahlıları mütəmadi olaraq mövqelərimizi atəşə tutur, təxribatlara cəhd edirlər.

Maraqlıdır, bu situasiya Qarabağdakı separatçılara və digər qanunsuz silahlı birləşmələrə qarşı antiterror əməliyyatlarının başladılmasını istisna edir? Rəsmi Bakı sülhəməcburetmə əməliyyatları keçirməlidir? İndiki beynəlxalq konyuktura bizə bu imkanı verirmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, sülh müqaviləsinin imzalanması düşünüldüyü kimi sadə və qısamüddətli proses deyil:

“Sülhdən əvvəl sərhədlərin delimitasiya və demarkasiya prosesi həll edilməlidir. Məncə, Ceyhun Bayramovun qeyd etdiyi fikir ayrılıqlarından biri məhz budur. Rəsmi Bakı və İrəvanın bu prosesə yanaşması tamam fərqlidir. Tərəflər prosesin hansı xəritələr əsasında aparılmasında da fikir ayrılığı yaşayırlar.

Qabil Hüseynli

Ermənistan indiki məqamda prosesi geosiyasi vəziyyət onun lehinə dəyişənədək uzatmaq istəyir. Rəsmi Bakı isə prosesin uzanmasında qəti maraqlı deyil. Açıq danışmaq lazımdır ki, bir də bu cür müsbət geosiyasi vəziyyət yaranmaya bilər. Bu fürsətdən istifadə etmək lazımdır.

O ki qaldı Qarabağdakı separatçılara və digər qanunsuz silahlı birləşmələrə qarşı antiterror əməliyyatlarının başladılmasına, rəsmi Bakı bu məsələni Ermənistanla müzakirə etməyəcək. Qarabağ Azərbaycanın daxili məsələsidir və Bakı bu məsələnin beynəlxalq müstəvidə müzakirəsini istəmir. Buna görə də ehtimal antiterror əməliyyatı məhz Bakının qərarı ilə baş tuta bilər”.

Turan Rzayev
Globalinfo.az