Nazirlər işsizlikdən danışdı

“Təhsil sahəsində məzun olub işə qəbul olma faizi 50 faizdən bir az yuxarıdır. Təbii ki, yeni məzun olan gəncin iş tapması bir qədər zaman alır”.

Globalinfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ən böyük ehtiyaclardan biri tələbələrin təhsil aldığı müddətdə aidiyyəti təcrübə proqramlarına cəlb olunmasıdır: “Hər bir universitetin özünəməxsus işəgötürənlərlə iş strategiyası olmalıdır. Böyük ehtimal daha çox insan əmək bazarına daxil olur”.

E.Əmrullayev həmçinin bildirib ki, azad edilən ərazilərdəki yenidənqurma işləri yeni iş yerləri deməkdir: “Orada işləyəcək kadrların hazırlanması istiqamətində düşünməliyik. İndiki nəslin həyata baxışı əvvəlki nəsildən fərqlidir. Onlar başqa cür həyat tərzi axtarır”.

O, ali təhsil müəssisələrinin akkreditasiya meyarlarında karyera mərkəzləri ilə bağlı məsələlərin mövcud olduğunu söyləyib.

Nazir eyni zamanda əmək bazarı ilə bağlı elmi tədqiqatlara ehtiyacın olduğunu vurğulayıb.

X X X

“Gənclərin bir çox çətinlikləri var, biz onları araşdırırıq, çalışırıq həll edək. Əsas problem dünyanın hər yerində olduğu kimi işsizlik problemidir”.

Globalinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, rəhbərlik etdiyi qurum bu istiqamətdə bir sıra layihələr həyata keçirir:

“Dövlət Məşğulluq Agentliyinə təşəkkür edirəm ki, cari il ərzində birlikdə bir sıra layihələr gerçəkləşdirdik. Hətta beynəlxalq qurumlarla da birgə layihələrimiz oldu. Bizim gənclər evlərimiz var. Orada da bir sıra tədbirlər həyata keçirilib. Xüsusilə vurğulamaq istədiyim bizim “Yerli” layihəmizdir. Bu layihə çərçivəsində biz regionlara tez-tez səfər edirdik. Regionlardakı imkanlar paytaxtdakı imkanlarıa bir deyil”.

Nazir qeyd edib ki, bir sıra yeni peşələr yaranıb:

“Xüsusilə də İT sahəsində. Təəssüf ki, region gənclərinin bu istiqamətdə imkanları məhddudur. Bəzi gənclər evində kompüterlər yoxdur. Biz onlara qısa müddət ərzində şərait yaratmağa və “Yerli” layihəsi çərçivəsində İT kursları, qrafik dizayn kursları keçməyə çalışdıq. Bu davamlı olacaq.

“Yerli” layihəsi çərçivəsində 3 ay ərzində 240 nəfərdən artıq gənclə görüşdük. Aparılan işlərin nəticəsində bəlli oldu ki, onlardan bir çoxu regionlarda iş tapa biliblər. Onlar heç bir yerə getmədən internet üzərindən SMM deyilən sahə üzrə iş qurub pul qazana biliblər. Bizim belə layihələrimiz çoxdur, gələcəkdə də bu cür layihələr üzərində çalışacağıq. Hazırda yeni layihələrin hazırlanması üçün müəyyən araşdırmalar davam edir”

X X X

“Məşğulluq imkanlarının inkişaf etdirilməsi baxımından qəbul edilən yeni konsepsiya keyfiyyətli və vaxtında icra olunmalıdır. Bu konsepsiyanın tələbi də ondan ibarətdir ki, karyera məsləhətçiləri formalaşdırılmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

“Hər bir işsiz və işaxtaranla fərdi iş aparılmalıdır. Əsas da həssas kateqoriyadakı gənclərin peşəyə cəlb olunmasındakı ilk addımın düzgün istiqamətlənməsi önəmlidir. Bu sahədə çoxsaylı layihələr həyata keçirilir. Bunun əhatə dairəsi və çeşidləri mütəmadi yenilənməlidir.

Hər il təxminən 100-120 min məzuna peşə yönümlü məsləhət verilir və bu say artırılmalıdır. Müvafiq proqramlar hazırlanıb. Bu sahədə təhsil müəssisələri ilə əməkdaşlıq daha da genişləndirilməlidir. Məktəblərin yuxarı siniflərində daimi peşə yönümlü sessiyalar keçirilə bilər. İlk addım nə dərəcə düzgün icra olunsa, onların məşğulluğa cəlb olunması da sürətlə təmin edilər”.